BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabahki tarixi çıxışı saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00 - red.) başlayacaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik açıqlama verib.
Onun sözlərinə görə, bu çıxışla birlikdə rəsmi proqram da başlanacaq.
O həmçinin, PKK-nın silah buraxmasını region baxımından tarixi bir gün adlandırıb və prosesin sürətlə tamamlanmasının vacibliyini vurğulayıb.
“Bu gün siyasi tariximiz və bölgə baxımından tarixi bir gündür. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın daxili birliyin gücləndirilməsi ilə bağlı çağırışı, həmçinin son illər regionda baş verən hadisələri qabaqcadan görən bir yanaşmanın nəticəsidir. Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli bu çağırışa tarixi dəstək verdi. Ardınca ‘Terrorsuz Türkiyə’ prosesinin Türk siyasətində müzakirəsi başladı” - deyə, o bildirib.
Onun sözlərinə görə, Ərdoğanın dövlət qurumlarına verdiyi göstərişlərdən sonra bu məsələ artıq bir dövlət siyasətinə çevrilib və bu çərçivədə bir çox mərhələlər keçilib. Son olaraq İmralıdan verilən çağırışla birlikdə PKK-nın silah buraxması və özünü buraxması ilə bağlı ilk addım atılıb.
“Bu ilk addımın atılması ilə prosesi kəsintisiz şəkildə həyata keçirmək və tez bir zamanda tamamlamaq çox böyük əhəmiyyət daşıyır. Çünki bölgədə bəzi dairələrin bu prosesi pozmağa yönəlmiş təxribat cəhdləri var. Dövlət qurumlarımız həm ayıq vəziyyətdədir, həm də prosesi sürətli şəkildə reallaşdırmaq üçün səy göstərir” - deyə, o əlavə edib.
O qeyd edib ki, PKK-nın bütün qoları və qeyri-qanuni qurumları ilə birlikdə özünü ləğv etməsi və silah buraxma prosesinin tezliklə tamamlanması zəruridir. Bununla yanaşı, DEM Partiyasının başlatdığı dialoq və siyasi partiyalar arasında aparılan məsləhətləşmələr bu mərhələyə böyük töhfə verib. Prosesin gələcəkdə Tükiyə Böük Millət Məclisində (TBMM) yaradılacaq komissiya vasitəsilə izlənilməsi də bu hədəflərə çatmaq baxımından əhəmiyyətli olacaq.