Əsas səhifə » İspaniyada hərbi qulluqçuların sayı artırılacaq

İspaniyada hərbi qulluqçuların sayı artırılacaq

BAKI, AzerVoice

İspaniya hökuməti NATO qarşısında öhdəlik götürərək 2035-ci ilə qədər ölkənin Silahlı Qüvvələrinin sayını 14 min nəfər artıracağını vəd edib.

AzerVoice xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.

İspaniya rəhbərliyinin planına görə, hərbi qulluqçuların sayının artırılması iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2025–2029-cu illəri əhatə edəcək və bu dövrdə orduya 7 min yeni hərbiçi cəlb ediləcək. Qalan 7 min nəfərin isə növbəti beş il ərzində ordu sıralarına qatılması planlaşdırılır.

Nəşr yazır ki, İspaniya Silahlı Qüvvələrinin vahidlərinin sayına görə Avropada yeddinci yerdə qərarlaşıb. Lakin vurğulanıb ki, ölkənin ümumi əhalisi ilə müqayisədə ordunun sayı nisbətən azdır.

Qeyd edək ki, hazırda İspaniya ordusunda təxminən 123 min hərbi qulluqçu fəaliyyət göstərir. Bu səbəbdən hökumət, 10 il ərzində heyət sayını təxminən 11 faiz artırmağı hədəfləyir. Bu hədəf NATO-nun Haaqada keçirilən sammitində müəyyən etdiyi müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması ilə bağlı yeni hədəfin icra müddəti ilə üst-üstə düşür. Lakin İspaniya bəyan edib ki, bu məqsədlərə çatmaq üçün ona sadəcə ÜDM-in 2,1 faizi qədər müdafiə xərcləri kifayət edəcək.

Digər Kateqoriyalar

2025 © Azervoice