BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
İslam ümmətinin bu gün qarşı-qarşıya olduğu ən ciddi problemlərdən biri – hətta bəlkə də birincisi – həddindən artıq hissiyatçılıqdır. Halbuki İslam imanla bərabər ağılı, düşünməyi və analiz etməyi də bir ibadət kimi önə çıxarır.
“Şübhəsiz ki, göylərdə və yerdə mömin bir qövm üçün (Allahın
qüdrətini göstərən) dəlillər vardır.”
(Casiyə, 3)
“De: Gəzin yer üzünü və baxın əvvəlkilərin aqibəti necə
olmuşdur!”
(Rum, 42)
Bu ayələr göstərir ki, İslam sadəcə qəlb dini deyil, həm də düşüncə, ibret və nəticə çıxarma dinidir. Allah insanı ağılla təchiz etmiş və bu ağlın istifadəsini iman həyatının ayrılmaz hissəsi etmişdir.
Duyğuların Yeri və Həddi
Duyğular yerli-yerində olduqda qiymətlidir: ibadətdə, Allahdan qorxmaqda, günahlardan çəkinməkdə və mərhəmət göstərməkdə. Lakin düşünmək, təhlil etmək, gələcək üçün strategiya qurmaq zamanlarında duyğular ikinci planda qalmalıdır.
“Onlar namazlarında huşu içində olanlardır.”
(Muminun, 2)
“Rəbbindən qorxan kimsə üçün bu (Qur'an) əlbəttə bir
öyüddür.”
(Naziat, 45)
Bu ayələrdən göründüyü kimi, duyğuların yeri daha çox ibadət və Allah qorxusu ilə bağlı sahələrdir. Ancaq ictimai-siyasi məsələlərdə düşüncə ön plana çıxmalıdır.
Təhlil Etmədən Hərəkət Etmək və Səhvlərdən Dərs Almamaq
Təəssüf ki, ümmət olaraq əqli təhlil tələb edən mövzularda da hisslərə qapılır, sanki şeir söyləyirmiş kimi danışırıq. Bu isə bizi metodik düşüncə tərzindən uzaqlaşdırır. Nəticədə səhvlərimizdən nəticə çıxarmağı bacarmırıq.
“Onlar yer üzündə gəzmədilərmi ki, ürəkləri ilə anlayalar,
qulaqları ilə eşidələr? Həqiqətən, gözlər kor olmaz, lakin
sinələrdəki qəlblər kor olar.”
(Həcc, 46)
“And olsun ki, Biz onlara sözə (Qurana) yaxşıca düşünmək üçün
elə bir Kitab gətirdik ki, iman gətirən bir qövm üçün onda mərhəmət
və öyüd-nəsihət vardır.”
(Əraf, 52)
Buradan açıq şəkildə görünür ki, Allah bizdən təhlil, qəlblə deyil, ağlın şüuru ilə nəticə çıxarmağı istəyir.
İctimai-Siyasi Bəsirət Problemi
Bu gün müsəlman cəmiyyətlərində ictimai-siyasi bəsirət problemi ciddi şəkildə özünü göstərir. Halbuki bir yerdə zəifiksə, bunun səbəblərini real şəkildə araşdırmalı, ona uyğun sağlam nəticələr çıxarmalıyıq.
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onun
doğruluğunu araşdırın...”
(Hucurat, 6)
“Ey iman gətirənlər! Allahdan qorxun və sözünüzü düz
danışın!”
(Əhzab, 70)
Bu ayələr media və informasiya dövründə düzgün, qərəzsiz və məsuliyyətli yanaşma prinsipini açıq şəkildə ifadə edir.
Media və Duyğu Manipulyasiyası
Mənşəyi şübhəli media orqanları, təqdim etdikləri video və səs yazıları ilə ümmətin düşüncə sferasında “hisslərin burulğanı” yaradır. Bu isə imperializmin əlində bir vasitəyə çevrilir.
“Onların (kafirlərin) səni yoldan çıxarmaq üçün söylədiklərinə
səbir et və onlardan gözəl şəkildə uzaq dur.”
(Muzzəmmil, 10)
“Sizə nə olub ki, Allah yolunda və 'Rəbbimiz! Bizi bu zülm edən
xalqın şəhərindən çıxart və bizə öz qatından bir qoruyucu və
yardımçı göndər!' - deyə yalvaran aciz kişilər, qadınlar və uşaqlar
naminə vuruşmursunuz?”
(Nisa, 75)
Bu ayə, hisslərin deyil, əsaslı və məqsədli davranışın lazım olduğunu göstərir. Yəni duyğularla deyil, haqq tərəfdən dayanaraq tədbir almaq əmr edilir.
Nə Etməli?
Çıxış yolu Quranı oxumaq, Rəsulullahın həyatını dərindən öyrənmək və mütaliə ilə bəsirəti gücləndirməkdən keçir. Çünki maarifləndikcə bəsirət artır, bəsirət artdıqca isə sağlam və sabit düşüncə formalaşır.
“Bu (Quran), aləmlər üçün bir xəbərdarlıqdır. Sizdən düz yolda olmaq istəyənlər üçün.” (Təkvir, 27–28)
“Əgər onlar bu yolda sabit qalsaydılar, Biz onlara bol ruzi
verərdik.”
(Cin, 16)