BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
İslam daxil olduğu hər bölgəyə yalnız dini deyil, eyni zamanda yüksək mədəniyyət, incəsənət, ailə dəyərləri və urbanizasiya mədəniyyəti gətirmişdir. Bu fenomen, müxtəlif coğrafiyalarda – Orta Asiyada, Şimali Afrikada, İspaniyada və Hindistanda özünü aydın şəkildə göstərmişdir. Hindistan İslam mədəniyyətinin ən dərin izlər buraxdığı bölgələrdən biridir.
İslam Hindistana ilk dəfə 711-ci ildə Məhəmməd bin Qasımın rəhbərliyi ilə Sind bölgəsinə (bu günkü Pakistan ərazisinə) daxil oldu. Bu hadisə Hindistanın müsəlmanlarla ilk genişmiqyaslı qarşılaşması idi. Ardınca Qəznəvilər (10–12-ci əsrlər), Qurlular və xüsusilə 1206-cı ildə qurulan Delhi Sultanlığı dövründə İslam daha geniş ərazilərə yayıldı. 1526-cı ildə Baburlar sülaləsinin qurucusu Baburun Panipat döyüşündə Lodilər üzərində qələbəsi ilə Hindistanda Müqəddəs İslam-Türk-Moğol irsinin daşıyıcısı olan Böyük Moğol İmperiyası dövrü başlandı. Bu dövr 1857-ci ilə qədər davam etdi və Hindistan tarixində siyasi sabitliyin, iqtisadi yüksəlişin və mədəniyyət çiçəklənməsinin simvoluna çevrildi.
Xüsusilə Şah Cahan kimi hökmdarların dövründə memarlıq, şəhərsalma,
ədəbiyyat və sənət sahələrində parlaq irs yaradıldı. Tac Mahal,
Qutb Minar, Cama Məscidi kimi əsərlər İslam memarlığının
Hindistandakı zənginliyini nümayiş etdirir. Bu dövr təkcə İslam
dini baxımından deyil, həm də bir çox etnik və dini qrupun birgə
yaşadığı sinerji mühiti ilə də fərqlənirdi.
Lakin 1857-ci ildə Böyük Britaniyanın Hindistanı tam işğal etməsi
ilə bu tarixi irsə qarşı məqsədli bir dəyişiklik siyasəti
başladıldı. 1857-ci il Hind müsəlman və hindu əsgərlərinin
İngilislərə qarşı birlikdə üsyanı (Sepoy Üsyanı) yatırıldıqdan
sonra, Böyük Moğol İmperiyası ləğv edildi və son hökmdar II Bahadır
Şah Zəfər sürgünə göndərildi. Bundan sonra Britaniya İmperiyası,
Hindistanın idarəsində müsəlmanların rolunu məqsədli şəkildə
zəiflətməyə başladı. Müsəlmanlar dövlət və iqtisadi strukturlardan
uzaqlaşdırıldı, hindular isə mükafatlandırılaraq kolonial idarənin
əsas dayaqlarından birinə çevrildi. Təhsildə, mədəni inkişafda və
iqtisadi imkanlarda müsəlmanlara qarşı açıq diskriminasiya həyata
keçirildi.
Bu səbəblə, 20-ci əsrin əvvəllərində müsəlman ziyalıları arasında
narahatlıq artdı. Müsəlmanlar təhsildə və elmi inkişafda geridə
qalmasının qarşısını almağa çalışsalar da, siyasi arenada
hinduların üstünlüyü getdikcə artırdı. 1947-ci ildə Hindistanın
müstəqilliyi ilə bərabər, müsəlmanların milli haqları uğrunda
mübarizəsi Pakistanın yaranması ilə nəticələndi. Pakistanın
varlığı, yalnız coğrafi ayrılıq deyil, həm də mədəni və siyasi bir
etiraz idi – yüz illərlə Hindistanda hökm sürmüş İslamın bir
formasının yaşadılması iddiası idi.
Bu gün Hindistanda islamofob siyasətin yüksəlişi, keçmişin bu
tarixi gərginlikləri ilə sıx bağlıdır. Xüsusilə Hindistan Xalq
Partiyası (BJP) və onun lideri Narendra Modi rəhbərliyində son
onillikdə islamofob siyasət açıq şəkildə həyata keçirilməkdədir.
1992-ci ildə Babri Məscidinin radikal hindular tərəfindən
dağıdılması və yerində Ram məbədinin inşasına qərar verilməsi,
simvolik olaraq Hindistanda İslam irsinin hədəf alındığının
göstəricisidir. Modi hökumətinin son illərdə müsəlmanlara qarşı
tətbiq etdiyi vətəndaşlıq qanunları, Kəşmirdəki status dəyişikliyi
və qapalı şəkildə aparılan təqib siyasətləri Hindistan daxilində
müsəlman azlığın təzyiq altında yaşamasına səbəb olmuşdur.
Bu siyasətin fonunda Pakistanla olan münasibətlərin kəskinləşməsi
də sadəcə sərhəd məsələləri ilə deyil, eyni zamanda ideoloji
müstəvidəki qarşıdurma ilə əlaqəlidir. Pakistanın varlığı bəzi
dairələr tərəfindən "İslamın bölgədəki qalıq gücü" kimi qəbul
olunur. Bu da onu yalnız regionda deyil, qlobal miqyasda da
strateji hədəfə çevirir.
Lakin bütün bu təzyiqlərə baxmayaraq, İslamın mədəni və siyasi ruhu
Hindistan torpaqlarında hələ də yaşayır. Musiqidə, memarlıqda,
ədəbiyyatda və xalqın gündəlik həyatında İslamın çoxəsrlik izləri
silinməz şəkildə mövcuddur. Bu irsin qorunması yalnız müsəlmanların
deyil, ümumilikdə Hindistan cəmiyyətinin tarixi kimliyi baxımından
da əhəmiyyətlidir.