BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
Son illərdə qlobal siyasi və iqtisadi mənzərə sürətlə dəyişir.
ABŞ-ın uzun illərdir davam edən dominant gücü zəiflədikcə, yeni
regional güclər və ittifaqlar meydana çıxır. Bu prosesin əsas
oyunçularından biri isə şübhəsiz ki, Çin Xalq Respublikasıdır. Çin,
yalnız iqtisadi yüksəlişi ilə deyil, həm də qlobal siyasi təsirini
artırmaq üçün yeni müttəfiqlər qazanmaq strategiyası ilə diqqət
çəkir. Xüsusilə müsəlman ölkələri ilə inkişaf etdirdiyi
münasibətlər, yaxın gələcəkdə dünya düzəninin formalaşmasında
həlledici rol oynaya bilər.
Çinin hal-hazırkı müttəfiqlərinə nəzər saldıqda, onların böyük
əksəriyyətinin müsəlman ölkələri olduğu görünür: Əfqanıstan,
Pakistan, Orta Asiya ölkələri, İran və digər region dövlətləri
Pekinlə müxtəlif sahələrdə dərin əməkdaşlıq qurmuşdur. Çin, "Bir
Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Orta Asiya və Yaxın Şərqdə
infrastruktur layihələrini genişləndirir, yeni ticarət yolları açır
və beləliklə, Amerikanın regiondakı təsirini azaltmağa yönəlmiş
uzunmüddətli bir siyasət yürüdür.
Maraqlıdır ki, bu prosesdə Böyük Britaniya da dolayı şəkildə Çinin
strategiyasına razılıq verir. ABŞ ilə münasibətlərində zaman-zaman
gərginlik yaşayan London, Çinlə ticarət və investisiya sahəsində
əməkdaşlığı genişləndirmək istəyir. Bu isə o deməkdir ki, yaxın 5
il ərzində dünya siyasətində ciddi dəyişikliklərin şahidi olacağıq:
ABŞ-ın təsir dairəsinin tədricən daralması, Çinin və onunla
əməkdaşlıq edən müsəlman ölkələrinin isə yeni güc mərkəzləri
yaratması.
Bu kontekstdə Azərbaycanın Çin ilə əlaqələri xüsusi önəm daşıyır.
ABŞ və Qərb dünyası ilə tarazlı və səmərəli münasibətlər saxlayan
Azərbaycan, eyni zamanda Çinlə də strateji tərəfdaşlıq
münasibətlərini inkişaf etdirir. Bu, ölkəmizin çoxvektorlu və
ağıllı xarici siyasətinin nümunəsidir. Azərbaycanın Çinlə
əməkdaşlığı yalnız iqtisadi sahələrdə deyil, həm də siyasi, mədəni
və texnoloji istiqamətlərdə genişlənməkdədir. Bu gediş,
Azərbaycanın regional güc statusunu möhkəmləndirəcək və ona
gələcəkdə formalaşacaq yeni dünya nizamında strateji mövqe
qazandıracaqdır.
Eyni zamanda, Çin-müsəlman ölkələri əməkdaşlığının dərinləşməsi
fonunda, son illər Qərbdə geniş müzakirə olunan Uyğur məsələsi də
fərqli məcraya yönələ bilər. Çin, müsəlman ölkələri ilə
münasibətlərini qorumaq və inkişaf etdirmək üçün daha yumşaq və
çevik siyasət tətbiq edə bilər. Belə bir dəyişiklik, həm Çinin
daxilində sabitliyin möhkəmlənməsinə, həm də beynəlxalq imicinin
yaxşılaşmasına xidmət edəcəkdir.
Nəticə etibarilə, qarşıdakı on il ərzində dünya siyasətində yeni
reallıqlar meydana çıxacaq. Çin və müsəlman ölkələri arasında
əməkdaşlığın dərinləşməsi, Qərbin xüsusən də Amerikanın Yaxın
Şərqdəki təsirini zəiflədəcək. Azərbaycan kimi ağıllı və çevik
siyasət yürüdən dövlətlər isə bu dəyişiklikdən maksimum
faydalanaraq öz inkişaf strategiyalarını gücləndirəcəklər. Bütün
bunlar, yeni dünyanın formalaşmasında müsəlman ölkələrinin daha
aktiv və təsirli rol oynayacağına işarə edir.