BAKI, AzerVoice
Yəmənin Ədən şəhərində elektrik böhranı gərginləşib.
AzerVoice-un məlumatına görə, şəhərdə elektrik enerjisi gündə 22 saata qədər kəsilir.
Böhran, yanacağın tükənməsi və dövlətə məxsus "Safer" şirkətinin əsas elektrik stansiyasını xam yanacaqla təmin etməyi dayandırması ilə daha da şiddətlənib. Bu addım hökumətin borcların ödənişində gecikməsi ilə izah olunub.
Bundan başqa, hökumətin özəl sektordan enerji alqı-satqı müqavilələrini ləğv etməsi istehsal gücünün həddindən artıq aşağı səviyyəyə enməsinə səbəb olub. Nəticədə şəhərə gündə sadəcə iki saat elektrik enerjisi verilir. Bu vəziyyət şəhərin küçələrində etiraz aksiyalarına səbəb olub.
Etirazçılar hökumətin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər və elektrik böhranına dərhal son qoyulmasını tələb ediblər.
Keçirilən etiraz aksiyaları nəticəsində beş nəfər etirazçı polis tərəfindən saxlanılıb. Şəhərin bir neçə rayonunda davam edən aksiyaların fonunda, yüksək temperatur şəraitində yanacaq tədarükü və xidmətin yaxşılaşdırılması üçün təcili tədbirlər görülmədiyi üçün etiraz çağırışları artıb.