BAKI,AzerVoice
Nelson Rolihlahla Mandela 18 iyun 1918-ci ildə doğulub. Xosa əsilli olan Mandela, Cənubi Afrikanın Mvezo bölgəsindəki Tembu kral ailəsində doğulmuşdur. O, əvvəlcə Fort Heyr Universitetində, daha sonra Vitvatersrand Universitetində hüquq təhsili almış, ardınca Yohannesburqda vəkil kimi çalışmışdı.
2013-cü il dekabrın 5-də Cənubi Afrikanın sabiq prezidenti Nelson Mandela – demək olar ki, üç onillik həbs həyatından çıxaraq ölkə rəhbərliyinə yüksələn keçmiş azadlıq fəalı – uzun illər davam edən sağlamlıq problemlərindən sonra vəfat edib. Vəfat etdiyi zaman onun 95 yaşında idi.
Onun ölümü haqqında – Cənubi Afrika Prezidenti Yakob Zuma belə deyirdi : "Millətimiz öz ən böyük övladını itirdi. Xalqımız atasını itirdi. Nelson Mandelanı böyük edən məhz onu insan edən xüsusiyyətlər idi. Biz onda özümüzdə görmək istədiyimiz keyfiyyətləri görürdük."
Mandela yalnız Cənubi Afrika üçün deyil, bütün dünya üçün azadlıq mübarizəsinin, ədalət uğrunda mübarizənin, siyasi əxlaqlılığın və barışığın rəmzi idi.
Onun irqi ayrı-seçkiliyə – aparteidə – son qoymaq missiyası məktəbi erkən tərk edib Afrika Milli Konqresinə (ANC) qoşulması ilə başlamışdı. O, təşkilatda sürətlə yüksələrək 1950-ci ildə ANC-nin prezidenti seçildi. 1960-cı ildə isə Şarpvill qəsəbəsində dinc etirazçılara polis tərəfindən atəş açılması və 69 nəfərin öldürülməsi Mandelanın mübarizəsini daha sərt mərhələyə keçirdi.
Tezliklə ANC qadağan edildi, lakin bu, Mandelanı dayandırmadı. O, gizli fəaliyyətə keçərək təşkilatın silahlı qanadı olan “Millətin Mızrağı” (MK) adlı yeni qolu yaratdı. Bu qrup vasitəsilə Mandela poçt kimi dövlət təsisatlarına qarşı diversiya əməliyyatları planlaşdırırdı.
Mandelanın zorakı mübarizəyə keçidi yüngül qərar deyildi. O demişdi: “Hökumət bizim dinc tələblərimizə zorla cavab verərkən Afrika liderlərinin sülh və qeyri-zorakılıq təbliğ etməsi yanlış və real olmayan mövqe olardı. Bütün sülh yolları bağlandıqdan sonra biz siyasi mübarizənin zorakı formalarına keçmək barədə qərar verdik.”
1962-ci ildə Mandela gizli şəkildə Cənubi Afrikanı tərk edərək Afrika və İngiltərə ölkələrini gəzdi, dəstək topladı. O, Mərakeş və Efiopiyada hərbi təlimlər də keçdi. Geri qayıtdıqdan sonra o, ölkəni qanunsuz tərk etmək və tətilə təhrik etməkdə ittiham edilərək həbs olundu. Daha sonra hökuməti devirmək məqsədilə sabotaj və sui-qəsd ittihamı ilə ömürlük həbs cəzası aldı.
Məhkəmədə ifadə vermək əvəzinə Mandela dörd saatlıq nitq söylədi və belə bitirdi:
"Mən ağların hökmranlığına qarşı döyüşdüm, qaraların hökmranlığına qarşı döyüşdüm. İnsanların bərabər imkanlarla harmoniyada yaşadığı demokratik və azad bir cəmiyyət ideyasını ürəyimdə daşıdım. Bu, yaşamaq və uğrunda çalışmaq istədiyim bir idealdır. Amma lazım gələrsə, bu ideal uğrunda ölməyə də hazıram."
Mandela həbsdə olarkən “Nelson Mandelanı azad edin” hərəkatı bütün dünyada rejimə qarşı mübarizəni gücləndirdi.
1990-cı ildə yeni prezident F.W. de Klerk gözlənilməz addım ataraq ANC də daxil olmaqla bütün qadağan olunmuş siyasi partiyalara tətbiq edilən yasağı ləğv etdi və irqi ayrı-seçkiliyin olmadığı yeni Cənubi Afrika çağırışını səsləndirdi. 1990-cı ilin fevralında Mandela şərtsiz azad edildi. O zaman 71 yaşında idi və 27 il həbsdə yatmışdı.
Azadlıqdan sonra Mandela aparteidin sona çatması üçün danışıqlara rəhbərlik etməyə qayıtdı. Qəribədir ki, azadlığından cəmi dörd il sonra — 1994-cü il mayın 10-da o, Cənubi Afrikanın ilk demokratik yolla seçilmiş prezidenti oldu.
Prezident olaraq Mandela sosial və iqtisadi proqramlar həyata keçirdi, mərkəzi hakimiyyəti gücləndirən və ayrı-seçkiliyi qadağan edən yeni konstitusiyanın qəbulunu idarə etdi. O, qaradərili Cənubi afrikalılara aparteid dövrünün qisasını almaq əvəzinə bağışlamaq və barışmaq çağırışı edirdi. Mandela yalnız bir müddət prezidentlik etdi ki, gələcək liderlər üçün nümunə olsun, lakin ölümünə qədər ölkənin mənəvi siması olaraq qaldı.
Onun vəfatından sonra dünyanın dörd bir yanından onlarla dövlət rəsmisi başsağlığı mesajı göndərdi. Cənazə mərasimi və dəfn on günlük milli matəm çərçivəsində keçirildi. Dekabrın 15-də Mandela Cənubi Afrikanın bayrağı ilə örtülmüş tabutda uşaqlıq kəndi Qunuda dəfn edildi; qəbirüstü mərasimdə heyvan dərilərinə bürünmüş qəbilə liderləri və qara kostyumlu dövlət rəsmiləri yan-yana dayanmışdı.