BAKI,AzerVoice
«X» platformasının yeni funksiyası İran hakimiyyətini çətin vəziyyətə salıb. Məlum olub ki, sıravi vətəndaşların istifadə etdiyi üçün həbs və hətta edamla cəzalandırıla biləcəyi sosial şəbəkədən, əslində, hökumət rəsmiləri və rejimə yaxın şəxslər özləri istifadə edirmiş.
Bunun üzə çıxmasına səbəb platformanın sahibi İlon Maskın istifadəyə verdiyi yenilənmə oldu. Funksiya hər bir istifadəçinin giriş yerini avtomatik göstərməyə başlayıb və nəticədə hökumət nazirlərinin, rəsmi media fiqurlarının, siyasətçilərin və rejim tərəfdarlarının İran daxilindən “X”ə qoşulduğu ortaya çıxıb. Onların böyük hissəsi ölkədə yalnız yüksək rütbəlilərə verilən “White SIM” adlı xüsusi kartlardan istifadə edirmiş.
Britaniyanın The Telegraph qəzetinin yazdığına görə, geolokasiya funksiyası saxta hesabları müəyyənləşdirmək üçün nəzərdə tutulsa da, əvəzində İranın illərdir qorunan “rəqəmsal divarını” ifşa edib.
Tənqidçilər bu vəziyyəti “rəqəmsal aparteid” adlandırır. Bekə ki,İran elitası sərbəst internetdən istifadə edir, sadə iranlılar isə VPN-lərlə məhdudiyyətləri aşmaq məcburiyyətində qalırlar.
İranda “X” platformasına tənqidi fikir yazan vətəndaş 10 ilə qədər həbs edilə, əgər paylaşım “anti-iran” və ya “İsrailə simpatiya” kimi qiymətləndirilsə, hətta edam cəzası ala bilər.
Rabitə naziri Səttar Haşimi, Sabiq xarici işlər naziri Cavad Zərif, hökumət sözçüsü Fatimə Məhəccərani, dövlət mediasının onlarla jurnalisti, rəsmi mərasimlərdə rejimi tərifləyən dini ilahilər ifaçıların “White SIM” vasitəsilə “X”ə girdiyi təsdiqlənib.