BAKI,AzerVoice
Fateh Abdullah İdrisin adı Darfurda 2023-cü ilin aprelində ordu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında başlayan müharibəyə qədər demək olar ki, heç kimə tanış deyildi. O, bölgədə tanınmayan, ön cəbhələr arasında hərəkət edən adi bir döyüşçü kimi görülürdü.
Lakin son aylarda “Əbu Lülü” ləqəbli bu şəxsin statusu kəskin şəkildə dəyişdi. Sosial şəbəkələrdə yayılan videolardan sonra o, Sudanın ən çox müzakirə edilən və ən çox qorxu yaradan adlarından birinə çevrildi. Xüsusilə əl-Faşir küçələrində çəkildiyi iddia olunan kadrlardan sonra Əbu Lülü qısa müddətdə anonim döyüşçüdən ölüm simvoluna çevrildi.
Naməlum döyüşçüdən qorxu simvoluna
Yerlı mənbələr bildirir ki, Əbu Lülü Darfur silahlı qruplarından çıxmış, sərt və qəddar döyüşçü kimi şöhrət qazanmışdı. Zaman keçdikcə o, təkcə döyüşçü yox, meydanda təsir gücü olan komandanlara çevrildi. Özünün iddiasına görə RSF sıralarında deyil, lakin yayılan görüntülər onu Sürətli Dəstək Qüvvələrinin silahlıları ilə birlikdə göstərir.
Sosial şəbəkələrdə yayılan videoların bir neçəsində onun əsir və mülki şəxslərlə sərt davranması, sonra isə onları güllələməsi iddia olunur. Bu görüntülər təkcə ölkə daxilində deyil, beynəlxalq dairələrdə də narahatlıq yaradıb.
Avqust ayında əl-Faşirdə çəkildiyi deyilən və silahsız bir sakinin başından güllələndiyi video paylaşıldı. Bu hadisə Sudanda böyük qəzəbə səbəb oldu və sosial şəbəkələrdə geniş yayılaraq Əbu Lülünü “xəyanətin və qırğının simvolu”na çevirdi.
Hadisədən sonra RSF rəhbərliyi rəsmi şəkildə istintaq aparacağını bildirsə də, az sonra yeni görüntülər ortaya çıxdı: Əbu Lülü bu dəfə əl-Faşirin ələ keçirilməsindən sonra mülki şəxslərin və əsirlərin meydanda edam edildiyi kadrlarla gündəmə gəldi.
Bəzi videolarda onun insanların gözləri qarşısında “900 nəfəri öldürdüyünü” lovğalanaraq deməsi də yayıldı. Kadrların orijinallığı hələ də tam təsdiqlənməsə də, ölkədə şok effekti yaratdığı faktdır.
RSF-in məsuliyyətdən yayınma cəhdi
Beynəlxalq və yerli qınaqlar artdıqca, RSF rəhbərliyi məsələ ilə əlaqəsini danmağa çalışdı. Xartumun RSF tərəfindən dəstəklənən “Təsis hökuməti”nin təyin etdiyi qubernator Faris ən-Nur “törədilən cinayətlərə görə məsul şəxslərin cəzalandırılacağını” açıqladı və paylaşımına Əbu Lülünün şəklini əlavə etdi.
Lakin çoxsaylı videolarda onun hərbi geyimdə və RSF komandirləri ilə yanaşı görünməsi, sosial şəbəkələrdə silahlılarla birlikdə şəkillərinin yerləşdirilməsi bu açıqlamaları daha da şübhəli göstərdi.
Nəzarətsiz zorakılığın simvolu
Sudanlı jurnalist Əlaəddin Mahmud bildirir ki, “Əbu Lülü” təkcə fərdi bir şəxs deyil, Darfur və Xartumda son illər müşahidə olunan sistemli zorakılıq mədəniyyətinin nəticəsidir. Onun fikrincə, “Əbu Lülü Şaron, Yəcuc-Məcuc” kimi ləqəblər silahlı qruplar arasında zorakılığın qəhrəmanlaşdırıldığını göstərir.
Beynəlxalq insan haqları təşkilatları da əl-Fəşirdə nəzarətsiz “meydan komandirlərinin” genişlənməsindən narahatdır və müstəqil araşdırma tələb edir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş “əl-Fəşirdə baş verənlər təsadüfi deyil, RSF-in əvvəlcədən planlaşdırdığı bir kampaniyadır” deyə bildirib.
Əl-Faşir Darfur bölgəsində ordunun nəzarətində qalan son böyük şəhər idi, lakin aylardır davam edən mühasirə ağır qurbanlara, aclığa və humanitar böhranın daha da dərinləşməsinə səbəb olub.
Sudanda 2023-cü ilin aprelindən bəri ordu komandanı Əbdül Fəttah əl-Burhan ilə keçmiş müavini, RSF lideri Məhəmməd Həmədən Deqlu (Həmidəti) arasında qanlı hakimiyyət savaşı gedir. BMT-nin məlumatına görə, Sudan hazırda dünyanın ən ağır humanitar böhranı ilə üz-üzədir və müharibənin ölkəni daimi parçalanmaya sürükləyə biləcəyi ehtimalı artır.