Əsas səhifə » Məhəmməd Hüseyn Baqeri kimdir?

Məhəmməd Hüseyn Baqeri kimdir?

BAKI,AzerVoice

İsrailin İrana hərbi hava hücumu nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri ölüb. Qeyd edək ki, 13 iyunda İsrailin İrana hərbi hava hücumu nəticəsində çoxlu sayda hərbçi, o cümlədən SEPAH baş komandanı Hüseyn Salami ölüb.

İsrailih hava hücümü zamanı ölən Məhəmməd Hüseyn Baqeri kimdir?

Məhəmməd Baqeri (fars. محمد باقری‎), 1960-cı ildə Təbrizdə anadan olub. O, hazırda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi (2016-cı ildən). General-mayor rütbəsinə malik olan Baqeri, eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tanınmış hərbi komandirlərindən biri kimi tanınırdı.

Məhəmməd Baqeri 1979-cu ildə mühəndislik fakültəsinin birinci kurs tələbəsi olarkən Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi aksiyasında iştirak edib.

1980-ci ildə rəsmi şəkildə SEPAH-a qoşulan Baqeri, İran-İraq müharibəsi dövründə hərbi kəşfiyyat sahəsində sahə təcrübəsi toplamış və bu sahədə ekspert kimi tanınıb.

O, siyasi coğrafiya üzrə doktorluq dərəcəsinə malikdir və hazırda Tehran şəhərində yerləşən İran Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı Ali Milli Müdafiə Universitetində siyasi coğrafiya üzrə dərs deyib.

Baş Qərargah rəisi təyinatı

28 iyun 2016-cı ildə İranın ali rəhbəri Ayətullah Əli Xamenei onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin edib. Bu vəzifədə o, general Həsən Firuzabadini əvəzləyib.

2016-cı ilin dekabrında İŞİD-ə qarşı aparılan mübarizə kontekstində Baqeri bildirib ki, Bağdadın süqutu halında İran, “Xilafət”in nəzarətində olan ərazilərə birbaşa müdaxilə etməyə hazırdır.

Amerika Sahibkarlıq İnstitutu (AEI) tərəfindən aparılan tədqiqatlarda Məhəmməd Baqeri, Məhəmməd Əli Cəfəri, Əli Fədavi və Qülaməli Rəşid kimi yüksək rütbəli SEPAH komandirləri ilə birlikdə “SEPAH-ın Komandanlıq Şəbəkəsi”nin əsas üzvləri kimi təqdim olunub. AEI-nin “Təhlükəli Təhdidlər Layihəsi” çərçivəsində yayımlanan hesabatda qeyd olunur ki, bu şəbəkə İran Silahlı Qüvvələrinin yüksək rəhbərliyində dominant mövqedədir və hərbi planlaşdırma, əməliyyatlar, kəşfiyyat, gizli və qeyri-adi hərbi fəaliyyətlər, eləcə də ölkədaxili təhlükəsizlik üzərində nəzarətə malikdir.

8 aprel 2019-cu ildə ABŞ, SEPAH-ı xarici terror təşkilatı elan edib. İsrailin baş naziri Benyamin Netanyahu bu qərara görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.

Bu qərara cavab olaraq general Məhəmməd Baqeri bəyan edib: “Biz ABŞ qüvvələrini Qərbi Asiyada terrorçu hesab edirik və onlar hər hansı bir hərəkət etsələr, ciddi şəkildə qarşılıq verəcəyik.”

2022-ci il oktyabrın 21-dən etibarən Məhəmməd Baqeri, İranın Rusiyaya “Shahed-136” kamikadze dronlarını tədarük etməsi ilə bağlı Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb. Bundan əlavə, o, Avstraliya, İsveçrə və Yeni Zelandiya tərəfindən də sanksiya siyahısına salınıb.

Məhəmməd Baqerinin böyük qardaşı Həsən Baqeri (1956–1983) SEPAH-ın İraqla müharibə dövründə tanınmış komandirlərindən biri olub və cəbhədə həlak olub.

Milli mənsubiyyəti: azərbaycanlıdır.

Digər Kateqoriyalar

2025 © Azervoice