BAKI,AzerVoice
İran Ali Rəhbərinin baş hərbi müşaviri, general Rəhim Səfəvinin, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölümü ilə bağlı yeni açıqlaması ilə ölkədə mübahisələri yenidən qızışdırıb. Onun sözləri Rəfsəncani ailəsinin sərt reaksiyasına səbəb olub və 8 ildən artıq müddətdir aydınlaşdırılmamış ölümün ətrafında dolaşan sualları yenidən gündəmə gətirib.
Rəfsəncani 8 il 9 ay əvvəl, yüksək vəzifəli dövlət məmurlarına məxsus idman hovuzunda idmanla məşğul olarkən qəfil ürək tutmasından vəfat etmişdi. Lakin ailə üzvləri dəfələrlə atasının ölüm şəraitinin araşdırılmasını tələb etmişdilər. Onlar hesab edirlər ki, İslam Respublikasının siyasi sisteminin memarlarından biri olan Rəfsəncaninin ölümü hələ də müəmmalıdır.
Səfəvi ötən həftə “Sepah”ın (İslam İnqilabı Keşikçiləri Korpusu) veteran komandirlərindən Əlirza Əfşarın vida mərasimində çıxış edib.
“Mən arzu edirəm ki, ölümüm yataqda və ya hovuzda deyil, şəhidliklə nəticələnsin.”-deyə o çıxışında deyib.
Bu ifadə, “Sepah”ın media orqanı “Daneshju” tərəfindən yayımlanan videoda yer alıb. Kadrda Səfəvi “hovuz” sözünü deyərkən gülümsəyərək yoldaşına baxır.
O, daha sonra Qasım Süleymani, Məhəmməd Baqeri və Hizbullah lideri Həsən Nəsrullahın adlarını çəkərək onları “şəhidlik nümunəsi” kimi təqdim edib.
Videonun yayılması sosial şəbəkələrdə böyük rezonans doğurub. İslahatçı mətbuat və hökumətyönlü qəzetlər Səfəvinin sözlərini “Rəfsəncaninin ölümünə eyham” kimi qiymətləndiriblər.
Rəfsəncani ailəsinin sərt cavabı
Rəfsəncaninin oğlu, Tehran Bələdiyyə Şurasının sabiq sədri Məhəmməd Həsimi Rəfsəncani, Səfəviyə açıq məktubla cavab verib.
“Sizin bəyanatlarınız mərhum Rəfsəncaninin dostlarını və tərəfdarlarını qəzəbləndirib. Atamın ölümü ilə bağlı Təhlükəsizlik Şurasının araşdırmaları nə o dövrdəki prezident (Həsən Ruhani) üçün, nə də ailəmiz üçün qaneedici oldu. Hadisənin ətrafında hələ də qaranlıq məqamlar qalır.”-deyə o, məktubda yazıb.
Məhəmməd Haşimi əlavə edib ki, “şəhidlik niyyətdən doğur” və “bəzən şəhidlik hovuzda da mümkündür, elə 1980-ci illərdə Ərund çayında şəhid olan dalğıclar kimi”.
Onun bacısı Fatimə Haşimi isə daha sərt reaksiya verərək deyib ki,“Axı düşmənin əlindən hovuzda da şəhid olmaq mümkündür. Axı siz digərlərindən yaxşı bilirsiniz, niyə məhz ‘hovuz’ seçildi!”
O, Səfəviyə ünvanladığı tənqiddə bildirib: “Əgər Hüseyn ibn Əlinin qatili Şimr döyüşdə öldürüldüyü üçün şəhid sayılmırsa, bəs siz necə ‘şəhidlik mərtəbəsini müəyyən edə bilərsiniz?”
Keçmiş hadisələr və “hovuz” məsələsi
Sabiq prezident Mahmud Əhmədinejadın media müşaviri Əlirza Davəri xatırladıb ki, 1988-ci ildə hərbi məhkəmənin qərarı ilə Səfəvi edam cəzasına məhkum edilmiş, lakin Rəfsəncaninin müdaxiləsi onun həyatını xilas etmişdi.
Son illərdə “hovuz” ifadəsi İranda siyasi qətllərlə bağlı eyham kimi işlədilir. 2018-ci ilin sentyabrında Qum şəhərində ruhanilər bir aksiya zamanı “prezident hovuzda öldürüləcək” şüarları yazılmış plakatlar qaldırmışdılar.
Keçmiş deputat Pərvənə Salahşuri həmin il ölüm təhdidləri aldığını açıqlayaraq “Mən hovuza getmirəm, başqa yol fikirləşin” yazmışdı.
Keçmiş Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani 2023-cü ilin yanvarında açıqlama verərək bildirmişdi ki,“Rəfsəncaninin ölümü dərhal araşdırılıb və ən müasir laboratoriyalar vasitəsilə təsdiqlənib ki, ölüm tamamilə təbii olub.”
Beləcə, general Səfəvinin bir cümləsi - “mən hovuzda ölməyəcəyəm” - İranda illərdir bağlanmayan bir yaraya, Rəfsəncaninin müəmmalı ölümünə dair mübahisəni yenidən canlandırdı.