BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat nəticəsində İran kəşfiyyat strukturları ilə əlaqədə şübhəli bilinən casus şəbəkəsi ifşa edilib.
AzerVoice xəbər verir ki, İstanbul Respublika Prokurorluğu, İstanbul Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi və MİT-in koordinasiyası ilə aparılan istintaq çərçivəsində “siyasi və hərbi casusluq” fəaliyyəti ilə məşğul olduqları iddia edilən 6 nəfər saxlanılıb.
İstintaq materiallarına əsasən, saxlanılan şəxslərin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat strukturları ilə birbaşa əlaqədə olduqları müəyyən edilib. Onların Türkiyə ərazisində yerləşən hərbi obyektlər, strateji əhəmiyyətli bölgələr, eləcə də ölkə hüdudlarından kənarda yerləşən kritik nöqtələr barədə məlumat topladıqları və bu informasiyaları İran kəşfiyyatına ötürdükləri aşkar olunub.
Məlumata görə, şübhəlilər Adana şəhərində yerləşən İncirlik Hava Bazası ətrafında müşahidə və kəşfiyyat fəaliyyəti həyata keçiriblər. Eyni zamanda, Türkiyə üzərindən üçüncü ölkələrə hərbi məqsədlər üçün pilotsuz uçuş aparatlarının daşınması prosesində iştirak etdikləri və bu fəaliyyətlərə logistik dəstək göstərdikləri müəyyən edilib.
Şübhəlilər polis orqanlarında aparılan istintaq prosedurlarından sonra məhkəməyə təqdim olunub və barələrində həbs qətimkan tədbiri seçilib.