BAKI,AzerVoice, Fərid Mikayılov
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə razılaşma yolu ilə həll olunması ilə bağlı çağırışlarına sərt reaksiya verib.
AzerVoice xəbər verir ki, Ukrayna mətbuatında yayılan məlumatlara görə, Zelenski Tramp administrasiyasından gələn “kompromislər üçün vaxtdır” mesajlarına cavab olaraq bildirib ki, Ukrayna indiyədək kifayət qədər güzəştlərə gedib və əlavə kompromislər ölkənin təhlükəsizliyi təmin olunmadan mümkün deyil.
Zelenskinin sözlərinə görə, dünya artıq ən böyük kompromislərdən birini edib:
“Biz çoxlu güzəştlərə getmişik. Vladimir Putin və onun ətrafı həbsdə deyil. Bu, beynəlxalq ictimaiyyətin indiyədək verdiyi ən böyük kompromisdir.”
Zelenski həmçinin vurğulayıb ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri vermədən hər hansı sülh razılaşmasından söhbət gedə bilməz. O qeyd edib ki, Ukrayna atəşkəsə hazırdır, lakin bu addım yalnız ABŞ və Avropa ölkələrinin real təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.
ABŞ tərəfinin mövqeyinə görə isə, təhlükəsizlik zəmanətləri yalnız yekun sülh sazişi əldə edildikdən sonra gündəmə gələ bilər. Bu yanaşma Kiyevdə narahatlıqla qarşılanır.
Zelenski daha əvvəl də bəyan etmişdi ki, Ukraynanın maraqlarına zidd olan istənilən razılaşma uzunmüddətli sülhə deyil, yeni təhlükəsizlik risklərinə yol aça bilər.