BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Yanvarın 29-da Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsi məsələsini müzakirə edəcəklər. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani bildirib ki, Aİ bu addımı İranda son zamanlar baş verən etirazlar zamanı mülki şəxslərə qarşı zorakılığa görə məsuliyyət daşıyan şəxslərə fərdi sanksiyaların tətbiqi ilə paralel həyata keçirəcək.
AzerVoice xəbər verir ki, Aİ-nin SEPAH-a qarşı davam edən təzyiqləri barədə politoloq Rufiz Hafizoğlu Crossmedia.az-a danışıb.
O, bildirib ki, dekabrdan etibarən İran ətrafında gərginlik daha da artıb: “Təbii ki, bunun müxtəlif səbəbləri var. Ümumiyyətlə, İranda hakimiyyətin gizlətməyə çalışdığı və ya gizlətməyə nail olduğu bu hadisələr yeni deyil. Zaman-zaman İran küçələri bu cür müxtəlif xalq kütlələrinin etirazına məruz qalıb. Düşünürəm ki, hakimiyyət dəyişməsə, bundan sonra da İran xalqı oxşar hallarla üzləşəcək. Amma digər tərəfdən, belə bir mif yaranıb ki, İranda hakimiyyət dəyişsə, hər şey gül-çiçək olacaq. Əslində isə bütün hakimiyyətlərin dəyişməsi, regional sərhədlərin dəyişməsi öz-özlüyündə ciddi sıxıntılar gətirir. İqtisadi, siyasi, terrorizm, radikalizm və digər problemlər. Dolayısıyla bütün bunlara diqqət yetirmək lazımdır".
R.Hafizoğlu əlavə edib ki, baş verən hadisələrin fonunda ABŞ-nin da açıqlamaları təsirsiz deyil: “ABŞ-nin, daha doğrusu, Prezident Donald Trampın da İranda küçələrdə hakimiyyətin devrilməsini istəyən qüvvələrə verdiyi mesaj, "möhkəm olun, davam edin, dəstək yoldadır" mesajları İrana qarşı təzyiqlərin artacağını göstərir. İrana qarşı təzyiqlər artıq artmaqdadır və daha da sərttləşəcək. SEPAH-la bağlı qərar da bu siyasi sanksiyalar paketinin bir hissəsidir".
Politoloq SEPAH-ın digər İran strukturlarından fərqləndiyini vurğulayıb: “Azərbaycanda bir çoxu elə düşünür ki, İran ordusu, SEPAH, Bəsic bir-birinə bağlıdır. Əslində isə bu strukturlar bir-birindən çox fərqlənir. İran ordusu ayrı məsələdir – bütün dünyada xalqlar öz ordusunu sevir, İranda da orduya qarşı rəğbət var. Amma SEPAH istisnadır. SEPAH və Bəsic birbaşa İranın ali dini hakimiyyətini və bugünkü rejimi qorumaq üçün qurulub. Doğrudur, İranda prezident var. Lakin ali dini lider Seyid Əli Xameneyinin olduğu yerdə prezidentin mövqeyi fomaldır. Orduda fərqli vəziyyət var, amma SEPAH birbaşa ali dini rəhbərin hakimiyyətini qorumaq üçün fəaliyyət göstərir. Bu qurumun səlahiyyətləri ordunun fövqünə keçərək genişlənib. Avropa İttifaqı və digər qüvvələr İran ordusunu terrorçu elan edə bilməz. İran zaman-zaman terror ixrac edən ölkə kimi təqdim olunur".
Müsahibimiz SEPAH-ın regiondakı fəaliyyətinə də diqqət çəkib: “SEPAH-ın fəaliyyəti əsasən İran daxilindədir. Amma zaman-zaman Suriya, İraq, Yəmən, qismən Fələstin, Livanda da fəaliyyət göstərib. SEPAH-ın terror təşkilatı kimi təsnifatı regionda təhlükə yaratmayacaq, beynəlxalq münasibətlər baxımından ciddi dəyişiklik olmayacaq. Açıqlamalar və bəyanatlar olacaq, amma geniş mənada dəyişiklik baş verməyəcək. Lakin bunu sıradan hadisə kimi qəbul etmək olmaz. Bu, İrana qarşı atılan siyasi sanksiyalar paketindən biridir. Düşünürəm ki, bu addımlar artacaq. Böyük ehtimalla bəzi İran rəsmilərinin, hətta xarici işlər nazirinin Avropa ölkələrinə səfərlərinə qadağalar qoyula bilər".
Mehriban Yariyeva