BAKI,AzerVoice
“Bakı Metropoliteni” QSC-nin beynəlxalq əməkdaşlıq və modernləşmə istiqamətində fəaliyyəti genişlənir.
AzerVoice xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər edib. Səfər metropolitendə modernləşdirmə, strateji inkişaf və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində nümayəndə heyəti Pekin şəhərində bir sıra mühüm görüşlər keçirib. Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və şirkətin bu sahədə uğurla icra etdiyi beynəlxalq layihələr müzakirə olunub.
Bununla yanaşı, Çin Xalq Respublikasının “Exim Bank” rəhbərliyi ilə keçirilən görüşlərdə nəqliyyat infrastrukturuna dair layihələrin maliyyələşdirilməsi, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, “Bakı Metropoliteni” beynəlxalq qabaqcıl təcrübənin tətbiqi yolu ilə daha təhlükəsiz, müasir və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.