BAKI,AzerVoice, Orxan Qədirzadə
Səudiyyə Ərəbistanı regionda artan təhlükəsizlik riskləri fonunda silah tədarükü mənbələrini şaxələndirmək məqsədilə Pakistanla hərbi-texniki əməkdaşlığı genişləndirməyə hazırlaşır.
Pakistanlı iki mənbənin bildirdiyinə görə, Pakistan və Səudiyyə Ərəbistanı hazırda təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditlərinin JF-17 “Thunder” tipli döyüş təyyarələrinin alınmasına yönəldilməsi imkanlarını müzakirə edir. Danışıqlar ölkələr arasında bir neçə ay əvvəl imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra hərbi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Mümkün razılaşma hər iki tərəf üçün “hamı qazanır” modeli kimi qiymətləndirilir. Sövdələşmə reallaşacağı təqdirdə, Riyad müdafiə qabiliyyətini gücləndirmək və silah tədarükündə asılılığı azaltmaq imkanı əldə edəcək. Eyni zamanda, bu addım Pakistan kimi nüvə silahına malik əsas regional müttəfiqin qeyri-ənənəvi formada dəstəklənməsi anlamına gəlir. Bu yanaşma Riyadın İslamabada uzun illər ərzində verdiyi birbaşa kredit və maliyyə yardımlarından fərqli mexanizm hesab olunur.
Danışıqlar Pakistanın ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi, Səudiyyə Ərəbistanının isə Yaxın Şərqdə ABŞ-ın təhlükəsizlik öhdəlikləri ilə bağlı qeyri-müəyyənlik fonunda təhlükəsizlik tərəfdaşlıqlarını yenidən nəzərdən keçirdiyi bir dövrə təsadüf edir.
Mənbələrdən birinin sözlərinə görə, müzakirələr əsasən Pakistan və Çin tərəfindən birgə hazırlanmış, lakin Pakistan istehsalı olan JF-17 yüngül döyüş təyyarələrinin tədarükünə yönəlib. Digər mənbə isə bu modelin bir neçə alternativ arasında əsas seçim olduğunu bildirib. Sövdələşmənin ümumi dəyərinin 4 milyard dollara çata biləcəyi, bunun 2 milyard dollarının birbaşa avadanlıqlara xərclənəcəyinin nəzərdə tutulduğu qeyd olunur.
Pakistanın maliyyə və müdafiə nazirlikləri, eləcə də Səudiyyə hökumətinin mətbuat xidməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Pakistan ordusu isə bildirib ki, Hərbi Hava Qüvvələrinin komandanı Zahir Əhməd Babar Sidhu bu həftə Səudiyyə Ərəbistanına səfər edərək, Səudiyyə HHQ komandanı Turki bin Bəndər bin Əbdüləziz ilə ikitərəfli müdafiə əməkdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Xatırladaq ki, ötən ilin sentyabrında imzalanmış qarşılıqlı müdafiə sazişinə əsasən, tərəflərdən birinə qarşı istənilən hücum hər iki ölkəyə qarşı təcavüz kimi qiymətləndirilir. Bu sənəd onilliklərə söykənən təhlükəsizlik tərəfdaşlığını daha da dərinləşdirir.
Pakistan uzun müddətdir krallığa hərbi dəstək göstərir, Səudiyyə Ərəbistanı isə İslamabada iqtisadi böhran dövrlərində dəfələrlə maliyyə yardımı edib. 2018-ci ildə Riyad Pakistan üçün 6 milyard dollarlıq dəstək paketi açıqlayıb, sonrakı illərdə isə depozitlərin müddəti bir neçə dəfə uzadılıb.
Hazırda Pakistan Beynəlxalq Valyuta Fondu (IMF) ilə 7 milyard dollarlıq proqram çərçivəsində əməkdaşlıq edir. Bu proqram Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin maliyyə təminatı fonunda mümkün olub.
Son aylarda Pakistan silah ixracını genişləndirmək üçün də fəallıq göstərir. Keçən ay İslamabadın Şərqi Liviya qüvvələri ilə 4 milyard dollardan çox dəyərində silah müqaviləsi imzaladığı barədə məlumatlar yayılmışdı.