BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Benində yaşanan çevriliş cəhdi, Fransanın Qərbi Afrikada illərdir ayaqda saxlamağa çalışdığı nüfuz mexanizminin artıq işləmədiyini açıq şəkildə ortaya qoydu. Sahel xəttində hərbi mövcudluğunu itirən Paris üçün Benindəki bu sarsıntı, Afrikada “idarə oluna bilən tərəfdaşlar” dövrünün səssiz, lakin kritik şəkildə sona çatdığını göstərən mühüm hədd oldu.
Afrikanın qərb ucunda yerləşən Beninin paytaxtı Kotonuda dövlət televiziyasının qarşısından gələn atəş səsləri qısa müddət sonra ekranlara da əks olundu. Uniforma geyinmiş bir qrup hərbçi kameraların qarşısına çıxaraq “idarəyə əl qoyduqlarını”, konstitusiyanın dayandırıldığını və sərhədlərin bağlandığını elan etdi.
Qərbi Afrikanın uzun illər “ən sabit demokratiyalarından biri” kimi təqdim edilən Benin üçün bu mənzərə onilliklərdir görünməyən bir səhnə idi. Hərbçilər özlərini “Yenidən Quruluş Hərbi Komitəsi” adlandırır, Pascal Tigri-ni lider elan edirdilər. Bir neçə saat ərzində ölkə siyasi qeyri-müəyyənliyə sürükləndi.
Lakin gün irəlilədikcə vəziyyət dəyişdi. Daxili işlər naziri ordunun ali komandanlığının prezidentə sadiq qaldığını, çevriliş cəhdinin yatırıldığını və məsul şəxslərin saxlanıldığını açıqladı. Prezident Patrice Talon televiziyaya çıxaraq “təhlükənin nəzarət altına alındığını” bildirdi. Buna baxmayaraq, paytaxt küçələrində zirehli texnika və silahlı patrulların varlığı gərginliyin tam aradan qalxmadığını göstərirdi.
Çevriliş baş tutmadı, lakin Beninə illərdir istinad olunan “sakit, stabil və təhlükəsiz ada” imici bir gecədə ciddi şəkildə zədələndi. Bu çatlaq isə təkcə Beninlə məhdudlaşmırdı; Qərbi Afrikada bir-bir çökməkdə olan Fransız nüfuz strukturlarının son halqasına işarə edirdi.
Benin, müstəqillikdən sonrakı çətin dövrü geridə qoyduqdan sonra 1990-cı illərdə çoxpartiyalı siyasi sistemə keçmiş və təxminən 30 il ərzində nisbətən müntəzəm seçkilərlə idarə olunan ölkə kimi tanınmışdı. Son uğurlu hərbi çevriliş isə hələ 1972-ci ildə baş vermişdi.
Məhz bu səbəbdən Niger, Mali, Burkina Faso və Qvineya-Bisau kimi ölkələrdə ardıcıl çevrilişlər, xunta idarəçiliyi və genişmiqyaslı qeyri-sabitlik fonunda Benin əksər regional hesabatlarda “sabit və idarəolunan” ölkə kimi qeyd olunurdu. Başqa sözlə, Fransa üçün bu ölkə hələ də Qərbi Afrikada “işlək vitrin” funksiyasını qoruyurdu.
Ancaq son illərdə xüsusilə ölkənin şimalında təhlükəsizlik vəziyyəti sürətlə pisləşdi. Saheldə Mali, Burkina Faso və Nigerdən sızan silahlı qruplar Beninin şimal sərhədlərinə doğru irəlilədi. Pendjari və “W” milli parkları ətrafında 2019-cu ildən etibarən hücumlar və adam oğurluqları artdı.
2025-ci ilin ilk aylarında şimal bölgələrində ordunun verdiyi itkilər gərginliyi daha da artırdı. Hərbi mənbələr texniki çatışmazlıqdan, aşağı maaşlardan və uzanan əməliyyat yükündən narazılıqlarını açıq şəkildə dilə gətirməyə başlamışdı. Çevriliş cəhdinə qatılan hərbçilər də məhz bu arqumentləri önə sürdü: “təhlükəsizlik böhranına laqeyd qalan siyasi rəhbərlik” ittihamı ilə çıxış etdilər.
Bu səbəbdən Benində baş verənlər bir gecəlik avantüra kimi deyil, uzun müddət şimalda yığılan təhlükəsizlik təzyiqinin ordudakı narazılıqla birləşərək siyasi fay xəttinə çevrilməsi kimi oxunur.
Mali–Burkina Faso–Niger üçbucağında güclənən İŞİD və Əl-Qaidə əlaqəli qruplar təzyiqi cənuba, yəni Benin, Toqo və Qanaya doğru genişləndirir.
Beninin Alibori və Atakora bölgələri son illərdə qruplaşmaların hücumları ilə gündəmə gəlir. Dövlət uzun müddət bu təhlükəni lokal problem kimi idarə etməyə çalışsa da, hücumların artması orduda ciddi narazılıq doğurdu.
Çevriliş cəhdində iştirak edən hərbçilərin bildirişlərində “cəbhədə unudulan əsgər”, “şimalda tək buraxılan birliklər” və “paytaxt mərkəzli siyasi elita” kimi ifadələrin yer alması təsadüfi deyil.
Bu gərginlik eyni zamanda sahil şəhərləri ilə ölkənin şimalı arasındakı sosial-iqtisadi uçurumu da dərinləşdirir. Kotonu və Porto-Novo kimi sahil şəhərləri ilə kasıb şimal bölgələri arasındakı fərq, silahlı qrupların yerli narazılıqları manipulyasiya etməsini asanlaşdırır.
Benindəki prosesləri Fransanın Afrikadakı mövqeyi kontekstində oxumadan anlamaq mümkün deyil. Son üç ildə Paris Qərbi Afrikada yarım əsrin ən ciddi nüfuz itkisini yaşayıb. Mali, Burkina Faso və Nigerdə baş verən çevrilişlər Fransız hərbi varlığının regiondan çıxarılması ilə nəticələnib.
Bu geri çəkilmə yalnız bazaların bağlanması deyil, “Françafrique” kimi tanınan siyasi, hərbi və iqtisadi əlaqə sisteminin zəifləməsi deməkdir. Fransız təhlükəsizlik çətiri aradan qalxdıqca bölgədə həm silahlı qruplar, həm də Rusiya, Çin və Körfəz ölkələri kimi yeni aktorlar üçün manevr sahəsi genişlənib.
Benin bu mənzərədə tam qopmayan, lakin əvvəlki modellə də davam etməyən ölkə idi. Məhz buna görə Benindəki çevriliş cəhdi, Fransanın Qərbi Afrikadakı son “nisbətən sağlam vitrininin” də artıq sarsıldığını göstərdi.
Hadisələrin zamanlaması da diqqət çəkir. Prezident Patrice Talon-un 2026-cı ildə səlahiyyət müddəti başa çatır və üçüncü müddətə namizəd olmayacağını açıqlaması artıq siyasi səhnədə ciddi rəqabət yaradıb.
Bu keçid dövrü Benin üçün həm demokratik test, həm də təhlükəsizlik baxımından həssas mərhələdir. Çevriliş cəhdinin yatırılması vəziyyəti müvəqqəti sabitləşdirsə də, ordudakı narazılıq, şimaldakı təhlükəsizlik təzyiqi və regional qeyri-müəyyənlik qalmaqdadır.
Benin hadisəsi nəyi göstərir?
Benində yaşananları yalnız “uğursuz çevriliş” kimi təqdim etmək səthi yanaşma olar. Bu proses üç əsas qatın üst-üstə düşdüyünü Saheldən sahil ölkələrinə doğru yayılan silahlı təhlükəni, Fransanın Afrikadakı təsirinin sürətlə azalmasını, seçkilərə gedən ölkələrdə siyasi və təhlükəsizlik risklərinin eyni anda dərinləşməsini göstərir.
Bu baxımdan Benin hadisəsi təkcə bir ölkənin daxili böhranı deyil, Afrikada dəyişən güc münasibətlərinin barometridir. Çevriliş cəhdi baş tutmadı, lakin onu doğuran struktur problemlər yerində qalır. Məhz buna görə Benin, yeni Afrika geosiyasətinin səssiz, lakin əhəmiyyətli sınaq meydanlarından birinə çevrilir.