BAKI,AzerVocie Analitik Təhlil Mərkəzi
Livan hökumətinə silahın yalnız dövlətin əlində cəmlənməsi ilə bağlı beynəlxalq və regional dəstək mesajları ard-arda gəlməyə başladı. Bu aktiv diplomatik hərəkətlilik ABŞ-dan gələn təbrik teleqramı və arxasınca Misirdən daxil olan dəstəkləyici telefon zəngi ilə başladı. Bütün bunlar göstərir ki, Livan artıq “tarixi bir döngədə” dayanıb və bu mərhələnin həlledici faktoru ölkədəki silahların tam şəkildə dövlətin nəzarətinə verilməsi olacaq.
Bu İsrailin Hizbullahçı hərbi komandanlarından birini Beyrutun cənubundakı zolaqda hədəf alması fonunda baş verdi. Beləliklə, siyasi və diplomatik təzyiqlər davam edən hərbi gərginliklə paralel şəkildə güclənir.
ABŞ prezidenti Donald Tramp, 22 noyabr – Livanın 82-ci müstəqillik ildönümü münasibətilə prezident Cozef Auna təbrik teleqramı göndərən ilk dövlət başçılarından biri oldu. Təbrik mesajında Tramp iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsini və Livanın sabitliyinə dəstəyi vurğuladı.
Livan prezidentliyi bu teleqramın siyasi məzmununun diqqət çəkdiyini bildirdi. Tramp mesajında, 5 avqustda kabinet tərəfindən təsdiqlənən və Hizbullah da daxil olmaqla bütün silahların dövlətin nəzarətinə verilməsini nəzərdə tutan qərarı “cəsarətli addım” kimi qiymətləndirdi. Bu qərarın icrası üçün ordunun 2025-ci ilin sonunadək plan hazırlaması tapşırılıb.
“ABŞ xalqı adından sizə və Livan xalqına müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu gün, Livanın zəngin tarixi, canlı mədəniyyəti və xalqının sarsılmaz ruhunu ifadə edir. Livan hazırda tarixi bir dönəmdə dayanır və daha böyük sabitlik və iqtisadi inkişaf üçün yeni bir yol çəkmək şansı var.Bu hökumətin atdığı cəsarətli qərarları alqışlayıram və ölkələrimiz arasında daha da dərinləşən tərəfdaşlığı səbirsizliklə gözləyirəm.”- Tramp mesajında qeyd etmişdi.
Əslində Trampın “cəsarətli qərarlar” ifadəsi sıradan bir təbrik deyil — bu, Vaşinqtonun Livana açıq siyasi mesajı idi. ABŞ-ın dəstəyi yalnız silahın dövlətin əlində cəmlənməsi şərti ilə mümkün olacaq.
Amerika mövqeyi, eyni gündə Misir prezidenti Əbdülfəttah əs-Sisinin Cozef Aunla telefon danışığında bildirdiyi birmənalı dəstək mesajı ilə daha da gücləndi. Sisi, Livanın BMT-nin 1701 saylı qətnaməsini tam şəkildə icra etməli olduğunu və silahın yalnız dövlətə məxsus olması prinsipinə tam dəstək verdiyini vurğuladı.
Sisi həmçinin müstəqillik günü münasibətilə Aunu təbrik etdi və Misirin “Livanın suverenliyini qorumasına” sadiq olduğunu söylədi.
1701 saylı BMT qərarı 2006-cı ildə qəbul edilib və Hizbullah ilə İsrail arasında döyüşlərin dayandırılmasını, habelə “mavi xətt” boyunca silahsız zona yaradılmasını nəzərdə tutur.
Sisi ilə əlaqə, sadəcə protokol təbriki deyil — Beyrut istiqamətində artan diplomatik səfərbərliyin tərkib hissəsi kimi qiymətləndirilir. Müşahidəçilər hesab edirlər ki, Misir bu prosesdə regional rolunu bərpa etməyə çalışır və Livanda yaranmış siyasi çıxılmaz vəziyyət fonunda vasitəçi kimi mövqeyini gücləndirmək niyyətindədir.
Cozef Aun da söhbət zamanı Misirin dəstəyinə görə təşəkkür edib və Livan ordusunun öz üzərinə düşən böyük məsuliyyətlər çərçivəsində beynəlxalq dəstəyə ehtiyacı olduğunu vurğulayıb.
Bu danışıq eyni zamanda Misirin xarici işlər naziri Bədr Əbdülatinin Beyrut səfəri ilə üst-üstə düşüb. Səfərin məqsədi, iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və Livanın sabitliyinə dəstək göstərməkdir.
Bütün diplomatik mesajlar — Trampın teleqramı, Sisi-Aun telefon zəngi və Misir XİN rəhbərinin səfəri — Livana ünvanlanan eyni məzmunlu ismarıcı gücləndirir: Silah yalnız dövlətin əlində olmalıdır.