BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində regional və ikitərəfli məsələlərə dair geniş açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Ərdoğan Türkiyənin ABŞ ilə İran arasında artan gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, bölgədə münaqişə riskini artıracaq addımlardan çəkinmək, dialoq və diplomatiya yolu ilə həll mexanizmlərini gücləndirmək zəruridir.
Regional təhlükəsizlik mexanizmləri təşəbbüsü
Prezident Ərdoğan regional böhranların qarşısının alınması məqsədilə təhlükəsizlik mexanizmlərinin yaradılmasını təklif edib. Səfərin gündəmində Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Suriyadakı vəziyyət, ikitərəfli münasibətlərin dərinləşdirilməsi və konkret əməkdaşlıq addımlarının atılması məsələlərinin yer aldığı bildirilib.
Türkiyə–Səudiyyə Ərəbistanı əməkdaşlığı
Ərdoğan Türkiyə və Səudiyyə Ərəbistanının tarixi və dərin dostluq əlaqələrinə malik olduğunu vurğulayaraq, müdafiə sənayesi sahəsində əməkdaşlığın qarşılıqlı etimadı möhkəmləndirdiyini, imkanları artırdığını və texnoloji inkişafı təşviq etdiyini bildirib. Onun sözlərinə görə, bu tərəfdaşlıq regional sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Prezident qeyd edib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman ilə əvvəlki görüşlərdə regional və beynəlxalq gündəmin əsas mövzuları ətraflı müzakirə olunub və birgə fəaliyyətin artırılması istiqamətində siyasi iradə təsdiqlənib.
İkitərəfli və regional gündəm
Ərdoğan səfərin əsas məqsədinin regional məsələlər üzrə məsləhətləşmələri dərinləşdirmək və Türkiyə–Səudiyyə Ərəbistanı münasibətlərini yeni mərhələyə daşımaq olduğunu bildirib. O, işgüzar dairələrlə keçiriləcək görüşlərin iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Qəzzada daimi atəşkəsin təmin olunmasının, mülki əhalinin qorunmasının, humanitar yardımın fasiləsiz çatdırılmasının və məcburi köçlərin dayandırılmasının vacibliyini qeyd edən Ərdoğan, sülh planının ikinci mərhələsinin uğurunun atəşkəsin gücləndirilməsi və yenidənqurma prosesindən asılı olduğunu bildirib. Türkiyənin BMT Təhlükəsizlik Şurasının üzvü kimi bu prosesdə fəal rol oynayacağı diqqətə çatdırılıb.
Suriya, Sudan və Afrika məsələləri
Prezident Suriyada siyasi həllin ölkənin ərazi bütövlüyü və milli birliyinin möhkəmləndirilməsi əsasında mümkün olduğunu vurğulayıb. Türkiyənin Səudiyyə Ərəbistanı və digər tərəfdaşlarla birlikdə Suriyada sabitliyi dəstəkləyən addımlara töhfə verəcəyi bildirilib.
Sudandakı müharibəyə də toxunan Ərdoğan Türkiyənin diplomatik səylərlə sülhün bərqərar olunmasına çalışdığını, humanitar yardım çərçivəsində ölkəyə 12 min 600 ton yardım və 30 min çadır göndərildiyini xatırladıb. O, Türkiyənin Afrikada sabitlik və inkişafı dəstəkləməkdə qətiyyətli olduğunu qeyd edib.
İran və regional vasitəçilik
Ərdoğan ABŞ–İran gərginliyinin qarşısının alınması üçün Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla region ölkələri ilə sıx koordinasiya apardığını bildirib. Prezident vurğulayıb ki, Türkiyə bölgədə yeni müharibəyə yol verilməməsi üçün diplomatiya və ortaq ağla əsaslanan yanaşmanı əsas prinsip kimi qəbul edir.