BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici siyasətə dair geniş açıqlamalar verib.
AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə gərginliyi alovlandıran bütün qüvvələrin qarşısında qətiyyətlə dayanacağını bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən, məzhəbindən və inancından asılı olmayaraq region xalqları bir-birinə qonşudur və bu coğrafiyada birlikdə yaşamağa davam edəcək:
“Biz hamımız əsrlərdir buradayıq və inşallah qiyamətə qədər də burada olacağıq. Çətin günlərdə yenə bir-birimizin qapısını döyəcəyik”.
Ərdoğan çıxışında Suriya və İran ətrafında baş verən proseslərin yaxından izlənildiyini, Türkiyənin həm təhlükəsizlik, həm də humanitar baxımdan bölgədə fəal mövqe tutduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin Suriya ilə ən uzun quru sərhədi mövcuddur və iki ölkənin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.
Prezident bildirib ki, Türkiyə Suriyada bütün etnik və dini qrupların – ərəb, kürd, türkmən, nusayri və xristianların – sülh və sabitlik şəraitində yaşadığı bir qonşu ölkə görmək istəyir. Onun sözlərinə görə, Suriyanın şimalında vahid dövlət və vahid ordu prinsipi əsasında, qan tökülmədən həll yolu tapılması son dərəcə vacibdir.
Ərdoğan Suriyada hökumət və SDQ arasında əldə olunan razılaşmaları bu prizmadan dəyərləndirdiklərini bildirib və əlavə edib ki, bu razılaşmalar Suriya xalqı üçün yeni mərhələ aça bilər. Prezident xəbərdarlıq edib ki, kim bu prosesi pozmağa çalışarsa, bunun məsuliyyətini daşımalı olacaq.
Çıxışda iqtisadi məsələlərə də toxunan Ərdoğan bildirib ki, Türkiyə 2025-ci ili turizm və əsas iqtisadi göstəricilər üzrə müsbət nəticələrlə başa vurub. Turizm gəlirlərinin artdığını, Mərkəzi Bankın ehtiyatlarının yüksəldiyini qeyd edən Prezident, istehsal və məşğulluğu qorumaq üçün yeni maliyyə dəstək paketlərinin işə salınacağını açıqlayıb.
Prezident Ərdoğan Türkiyənin Afrika və Türk dünyası ilə münasibətlərinin gücləndiyini, regional və qlobal miqyasda aktiv diplomatik xəttin davam etdirildiyini də vurğulayıb.