BAKI,AzerVoice, Nailə Babazadə
Türkiyənin ilk reaktiv mühərrikli təyyarəsi olan HÜRJET-in İspaniyaya ixracı ilə beynəlxalq bazarların qapısı açılıb. Hazırda bir neçə ölkə və potensial tərəfdaşla danışıqlar davam etdirilir. HÜRJET İspaniya Hərbi Hava Qüvvələrinin inventarında olan və istismar müddətini başa vuran F-5 (AE.09) təyyarələrini əvəz edəcək.
AzerVoice xəbər verir ki, İspaniyanın nüfuzlu aviasiya jurnalı "Avion Revue" fevral sayının üz qabığında müqaviləsi artıq imzalanmış və 2028-ci ildən etibarən ölkədə xidmətə başlayacaq HÜRJET-ə geniş yer ayırıb. Türk Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) Baş direktoru Mehmet Demiroğlu jurnala verdiyi müsahibədə TUSAŞ-ın 53 illik təcrübəsi ilə dünyanın aparıcı təyyarə istehsalçılarından birinə çevrildiyini qeyd edib.
Mehmet Demiroğlu bildirib ki, HÜRJET yüksək performanslı və inkişaf etmiş sistem inteqrasiyasına malik platformadır. O, Türkiyənin müasir hava qüvvələri vizyonunu əks etdirən bu təyyarənin ilk uçuşundan bəri 33 ayı geride qoyduğunu və prototiplərin 280 uçuş saatını aşan 360-dan çox sorti tamamladığını vurğulayıb.
TUSAŞ rəhbəri İspaniyanın nə üçün məhz HÜRJET-i seçməsinə də aydınlıq gətirib.
"HÜRJET ən başdan yeni nəsil memarlıqla, 5-ci və 6-cı nəsil əməliyyat konseptlərinə uyğun dizayn edilib. O, müasir qırıcı təyyarələrlə pilot təlimi arasındakı məsafəni bağlayan qabaqcıl bir platformadır. Səsdən sürətli dizaynı, aşağı istismar xərcləri və rəqəmsal kokpiti ilə öz sinfinin ən bacarıqlı təyyarələrindən biridir. İspaniyanın bu seçimi təkcə cari ehtiyaca cavab deyil, həm də gələcək hərbi hava gücünün transformasiyasına yönəlmiş strateji qərardır." - deyə TUSAŞ rəhbəri qeyd edib.
HÜRJET-in 2027-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində xidmətə girməsindən sonra İspaniyanın yeni təlim sisteminə keçidini dəstəkləyəcəyi gözlənilir. Demiroğlu qeyd edib ki, İspaniya ilə bağlanan bu müqavilə digər beynəlxalq əməkdaşlıqlar üçün güclü bir istinad nöqtəsi olacaq. Hazırda bir çox ölkə ilə HÜRJET-in satışı və birgə istehsalı ilə bağlı müzakirələr aparılır.