BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb.
AzerVoice xəbər verir ki, səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir.
Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.
Görüşlərin əsas mövzularından biri Qəzzada sülhün bərpası və bölgəyə humanitar yardımların çatdırılması prosesi olacaq. Liderlər Qəzza Sülh Şurasının fəaliyyətini, bölgənin yenidən qurulması yollarını və Vaşinqton-Tehran xəttində artan gərginliyin azaldılması variantlarını müzakirə edəcəklər. Danışıqlarda Suriyadakı mövcud vəziyyət və regional sabitliyin qorunması məsələlərinə də toxunulacaq.
Səfər həm də iqtisadi əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır. Xüsusilə müdafiə sənayesi sahəsində yeni tərəfdaşlıq imkanları qiymətləndiriləcək. Qeyd edək ki, 2024-cü ildə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ticarət dövriyyəsi təxminən 8 milyard dollar səviyyəsində olub. Türkiyənin bu ölkəyə ixracatı ötən il 3 milyard 149,6 milyon dollara yüksəlib. Analoji iqtisadi artımın Misir ilə münasibətlərdə də hədəfləndiyi bildirilir.