BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Almaniya Xarici İşlər Naziri Yohann Vadepul ilə görüşüb. Bu, Fidanın Almaniyaya ilk ikitərəfli səfəri olub.
AzerVoice xəbər verir ki, görüş çərçivəsində Nazir Fidan Almaniyadakı türk icması və iş adamları ilə görüşüb, həmçinin Almaniya tərəfi ilə siyasi, iqtisadi və müdafiə əməkdaşlığını müzakirə edib. Gündəmin əsas mövzuları arasında Türkiyə–Avropa İttifaqı münasibətləri, Gömrük Birliyinin yenilənməsi, viza sərbəstisi və enerji–nəqliyyat sahələrində əməkdaşlıq yer alıb.
Danışıqlar zamanı Nazir Fidan Türkiyənin NATO çərçivəsində Avropa təhlükəsizliyinə töhfələrini vurğulayıb və müdafiə sənayesində, o cümlədən Eurofighter Typhoon qırıcılarının tədarükü üzrə əməkdaşlığı ön plana çıxarıb.
Həmçinin Fidan Almaniya tərəfinə Qəzzada atəşkəsin təmin edilməsinin, humanitar yardımların fasiləsiz çatdırılmasının və yenidənqurma prosesinin başlanmasının vacibliyini çatdırıb. Suriya ilə bağlı regional sabitlik və terrorla mübarizə məsələləri də müzakirə olunub.