BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli, Livan ilə Cənubi Kipr Rum Administrasiyası (GKRY) arasında imzalanan Xüsusi İqtisadi Zona (MEB) Sərhədlərinin Məhdudlaşdırılması Sazişi ilə bağlı açıqlama verib.
AzerVoice xəbər verir ki, Keçeli sosial media hesabında yayımladığı açıqlamada bildirib.
“Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə, Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcək.”- deyə Keçəli qeyd edib.
O, GKRY-nin 2003-cü ildən bəri adanın bərabər tərəfi olan Kipr türklərini nəzərə almadan bölgədəki sahilyanı ölkələrlə dəniz sahələrinin sərhədlərini müəyyən edən ikitərəfli sazişlər imzaladığını xatırladıb. Keçeli qeyd edib ki, Livan ilə 2007-ci ildə imzalanmış, lakin qüvvəyə minməmiş saziş dünən yenidən təsdiqlənib.
Sözçü vurğulayıb ki, həmin ərazi 18 mart 2020-ci ildə BMT-də qeydiyyata alınan Türkiyənin Şərqi Aralıqdakı kontinental şelfinin xaricində qalsa da, Ankara məsələyə Kipr problemi və Kipr türklərinin hüquqları baxımından yanaşır. O bildirib ki, Livan və ya digər sahilyanı ölkələrin GKRY ilə bu cür sazişlər imzalaması, Kipr türklərinin ada üzərindəki bərabər hüquqlarına birbaşa təsir edir.
“GKRY nə Kipr türklərini, nə də bütün adanı təmsil etmir. Ona görə də belə qərarlar vermək səlahiyyətinə malik deyil. Beynəlxalq ictimaiyyəti Rum tərəfinin birtərəfli addımlarına dəstək verməməyə və Kipr türklərinin hüquqlarını pozmağa yönələn təşəbbüslərə alət olmamağa çağırırıq.” - deyə Keçəli beynəlxalq ictimaiyyəti xəbərdar edərək bildirib.
Sözçü yekunda vurğulayıb ki, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti ilə birlikdə Kipr türklərinin hüquq və maraqlarını qətiyyətlə qorumağa davam edəcək.