BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyədə, saxta elanlarla vətəndaşları aldadan, internet üzərindən qumar oynadan və “investisiya məsləhətçiliyi” adı altında dələduzluq edən 34 şübhəli saxlanılıb.
AzerVoice xəbər verir ki bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.
Nazir əməliyyat nəticəsində 225 milyon lirə dəyərində əmlaka əl qoyulduğunu qeyd edib. Əmlaklara 30 mənzil, 6 avtomobil və 40 bank hesabı daxildir.
Saxlanılan şəxslərdən 14-ü məhkəmə qərarı ilə həbs edilib, 13 nəfər barəsində məhkəmə nəzarəti tədbirləri görülüb. Digər şübhəlilər barədə isə istintaq davam edir.
Yerlikaya açıqlamasında əməliyyatlarda iştirak edən prokurorluqlara, Jandarma və MASAK əməkdaşlarına təşəkkür edib.
“Sosial media platformalarında saxta elanlarla insanları aldadan, internet üzərindən qumar oynadan və dələduzluq edənlərə qarşı mübarizəmiz qətiyyətlə davam edir. Küçələrdə olduğu kimi rəqəmsal mühitdə də vətəndaşlarımızın huzurunu pozmağa icazə verməyəcəyik”- deyə o bildirib.