BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi İsrailin işğal altındakı E1 bölgəsində yeni məskunlaşma planını təsdiqləməsinə sərt reaksiya verib. Nazirlik bu barədə yaydığı yazılı bəyanatda İsrailin atdığı addımı qınayıb.
AzerVoice xəbər verir ki, bəyanatda qeyd olunur ki, E1 bölgəsində məskunlaşma inşası planı Qərbi Şəriə ilə Şərqi Qüdsü faktiki olaraq bir-birindən ayıracaq və bu, beynəlxalq hüquqa və BMT qətnamələrinə açıq-aşkar ziddir.
“Bu addım Fələstin Dövlətinin ərazi bütövlüyünü, iki dövlətli həll prinsiplərini və daimi sülh perspektivlərini hədəf almaqdadır.” - deyə açıqlamada qeyd olunur.
Nazirlik vurğulayıb ki, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan, coğrafi cəhətdən bütöv, müstəqil və suveren Fələstin dövlətinin yaradılması bölgədə ədalətli və davamlı sülhün yeganə yoludur.
“Fələstin xalqının haqlı mübarizəsini və ədalətli mücadiləsini dəstəkləməyə davam edəcəyik”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, İsrailin radikal sağçı maliyyə naziri Bezalel Smotrich bir gün əvvəl bəyan etmişdi ki, “Fələstin dövləti ideyasını aradan qaldırmaq” məqsədilə işğal altındakı Şərqi Qüdsdə E1 layihəsi çərçivəsində yeni qanunsuz yaşayış məntəqələrinin tikintisini təsdiqləməyi planlaşdırır.
İsrailin Mülki İdarəetmə Təşkilatının Ali Planlaşdırma Şurası 20 avqustda toplanaraq 3 min 401 qanunsuz mənzilin inşasına yekun təsdiq verməyi nəzərdə tutur.