BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Səhiyyə naziri Kemal Memişoğlu, Artvinin pilot layihə çərçivəsində ölkənin ilk "siqaretsiz şəhəri" elan edildiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, nazir Memişoğlu, layihə ilə bağlı verdiyi açıqlamada, bütün dövlət qurumlarında siqaret çəkməyin tamamilə qadağan ediləcəyini, siqareti tərgitmək istəyən vətəndaşlar üçün ALO 171 yardım xəttinin gücləndiriləcəyini və pulsuz dərman dəstəyi veriləcəyini bildirib. O, həmçinin elektron siqaret və “puf” kimi tütün məhsullarına qarşı da sərt siyasət tətbiq ediləcəyini vurğulayıb.
Memişoğlu bu təşəbbüsün ictimai sağlamlıq baxımından tarixi bir addım olduğunu qeyd edib.
"Bu, artıq fərdi seçim deyil, ictimai sağlamlıq böhranıdır"
Layihəyə dəstək verən Türkiyə Siqaret ilə Mübarizə Dərnəyinin (TSSD) rəhbəri, professor Mustafa Aydın, Artvinin seçilməsini "toplum sağlamlığı üçün tarixi dönüş nöqtəsi" adlandırıb.
Prof. Aydın bildirib ki, tütün istifadəsi təkcə sağlamlıq deyil, həm də iqtisadi baxımdan ölkəyə böyük zərər verir,“Hər il siqaretə təxminən 20 milyard dollar xərclənir. Tütünlə əlaqəli xəstəliklərin müalicəsi, səhiyyə xərclərinin 9%-nə bərabərdir. Siqaretə başlama yaşı 13-ə düşüb, bu da sağlamlıq risklərini artırır.” - deyə qeyd edib.
Prof. Aydın əlavə edib ki, aromalı elektron siqaretlər, qızdırılan tütün məhsulları və sosial media vasitəsilə tütün sənayesi gəncləri hədəfə alır. Dünya Səhiyyə Təşkilatının 2024-cü il hesabatına görə, dünyada hər il 8 milyon insan tütünlə əlaqəli xəstəliklərdən dünyasını dəyişir.
“Bu vəziyyət artıq şəxsi seçim deyil, cəmiyyətin hər təbəqəsinə təsir edən ictimai sağlamlıq böhranıdır. Bu mübarizə yalnız səhiyyə orqanlarının deyil, məktəblərin, ailələrin, mediasının və QHT-lərin də birgə mübarizəsi ilə uğur qazana bilər.”