BAKI, AzerVoice, Nərmin Ağayeva
İsrailin xain planı açıq şəkildə hücumdur.
AzerVoice xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayırmağa yönəlmiş planını sərt şəkildə tənqid edib.
Kurtulmuş “X” sosial şəbəkəsində yazıb ki, bu plan beynəlxalq hüquqa və BMT qətnamələrinə məhəl qoymayan, Fələstinin ərazi bütövlüyünü hədəf alan və soyqırım planının bir hissəsi olan açıq bir hücumdur.
O bildirib ki, Fələstin xalqının torpaqları onların danılmaz ata-baba yurdu və vətənidir, iradələrinə zidd qərarlar qəbuledilməzdir. Kurtulmuş, 1967-ci il sərhədləri daxilində tam müstəqil, suveren Fələstin dövlətinin yaradılmasının labüd olduğunu vurğulayıb.
“Bugünkü şəraitdən asılı olmayaraq, Fələstin bayrağı azad Fələstinin səmasında dalğalanacaq. Türkiyə olaraq, Fələstin xalqının ədalətli mübarizəsini sonuna qədər dəstəkləməyə davam edəcəyik”, – deyə TBMM sədri qeyd edib.