BAKI, AzerVoice, Səməd Əyyubov
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 13 nəfərdən 6-sı həbs edilib, 7 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən uzaqlaşdırılmış İBB sədri Əkrəm İmamoğlunun da adının hallandığı, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.
Avqustun 12-də jandarma tərəfindən keçirilən əməliyyatda saxlanılan 13 nəfər istintaq prosesi başa çatdıqdan sonra məhkəməyə göndərilib. Prokurorluqda ifadələri alınan şəxslərdən İBB Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Taner Çetinin oğlu Örsan Çetin, Doğukan Arıcı, İlkay Onok, Ömər Aydın, Ümit Güngör, Ferhat Karatop, Ali Arslan və Ahmet Işık barəsində “cinayət təşkilatına üzvlük”, “tenderə müdaxilə” və “rüşvət” ittihamları ilə həbs tələbi irəli sürülüb.
Taner Çetinin keçmiş həyat yoldaşı Canan Çetin, eləcə də Baran Yalqı, Emine Merve Köseoğlu, Serkan Gürsoy və Mehmet Ünal haqqında isə məhkəmə nəzarəti tətbiqi istənilib. Məhkəmənin qərarına əsasən, 6 nəfər həbs edilib, 5 nəfərə ölkədən çıxış qadağası qoyulub, həbs tələbi irəli sürülən digər iki nəfərə isə həm ölkədən çıxış qadağası, həm də imza atma öhdəliyi tətbiq olunub.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Taner Çetinin yaxın əlaqədə olduğu şirkətlər vasitəsilə tenderləri yönləndirdiyi, qalib şirkətlərdən özünə və təşkilata maddi gəlir əldə etdiyi, bununla da dövlətə ziyan vurduğu müəyyən edilib.