BAKI, AzerVoice, Səməd Əyyubov
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində qanunsuz mənfəət əldə etməkdə ittiham olunan 13 nəfərdən 8-i barələrində həbs tələbi ilə, 5-i isə məhkəmə nəzarəti şərti ilə prokurorluqdan məhkəməyə göndərilib.
AzerVoice-un məlumatına görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq, vəzifəsindən kənarlaşdırılan İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla, “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzvlük”, “vəzifədən sui-istifadə”, “rüşvət alma”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “tender prosesinə müdaxilə” ittihamlarını əhatə edir.
Avqustun 12-də keçirilən əməliyyat zamanı saxlanılan İBB Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Taner Çetinin oğlu Örsan Çetin, Doğukan Arıcı, İlkay Onok, Ömər Aydın, Ümit Güngör, Ferhat Karatop, Ali Arslan və Ahmet Işık həbs tələbi ilə, Taner Çetinin həyat yoldaşı Canan Çetin, eləcə də Baran Yalqı, Emine Merve Köseoğlu, Serkan Gürsoy və Mehmet Ünal isə məhkəmə nəzarəti şərti ilə məhkəməyə çıxarılıb.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Taner Çetinin yaxın əlaqədə olduğu şirkətlər vasitəsilə tenderləri yönləndirdiyi, qalib şirkətlərdən özünə və təşkilata maddi gəlir əldə etdiyi, bununla da dövlətə ziyan vurduğu müəyyən edilib. Bu proseslərdə iştirakı müəyyən edilən 14 İBB əməkdaşı və şirkət nümayəndəsi haqqında da həbs qərarı çıxarılıb.