BAKI, AzerVoice, Nərmin Ağayeva
Fransada ən böyük meşə yanğınının qəsdən törədildiyindən şübhələnilir.
AzerVoice xəbər verir ki, Fransanın Aude departamentində baş verən və yay mövsümünün ən böyük meşə yanğınlarından biri kimi qeydə alınan hadisənin bilərəkdən törədilmiş ola biləcəyi ehtimal edilir.
Montpellier Respublika Prokurorluğunun açıqlamasına görə, avqustun 5-də Laqrasse və Ribaute kəndləri arasında başlayan yanğın qısa müddətdə beş ətraf şəhərə yayılıb, təxminən 17 min hektar meşə sahəsi məhv olub. Hadisə nəticəsində bir nəfər həlak olub, çox sayda insan yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. 36 ev dağılıb.
İlkin istintaq nəticəsində təbii səbəblər istisna edilib, yanğının insan fəaliyyəti nəticəsində baş verdiyi müəyyən olunub. Ekspertlər hadisənin cinayətkar niyyətlə törədildiyini güman edirlər.
Araşdırma davam edir və hadisənin tam səbəblərinin müəyyənləşdirilməsi üçün iki müstəntiq hakim təyin olunub. Yanğın avqustun 10-da nəzarət altına alınıb.