Əsas səhifə » Türkiyə XİN iordaniyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə XİN iordaniyalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

BAKI, AzerVoice

Türkiyənin xarici işlər naziri Hakan Fidan, İordaniya xarici işlər naziri Əymən əs-Səfədi ilə telefon danışığı aparıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

Məlumata görə, söhbət zamanı Suriyanın cənubundakı son vəziyyət müzakirə olunub.

Bundan əlavə, Suriyanın parçalanması məqsədilə atılan addımlara qarşı region ölkələrinin ortaq mövqe sərgiləməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice