BAKI, AzerVoice
Türkiyə XİN Yunanıstanın dəniz parkı qərarına etiraz edib.
AzerVoice xəbər verir ki, Türkiyə
Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və İon dənizlərində iki
yeni dəniz parkı elan etməsinə yazılı açıqlama ilə reaksiya
verib.
Nazirlik bu addımı birtərəfli və hüquqi nəticəsi olmayan bir
təşəbbüs kimi qiymətləndirib.
Nazirlik xatırladıb ki, Yunanıstan ötən il bu təşəbbüsü gündəmə gətirdikdən sonra, 9 aprel 2024-cü ildə verilmiş açıqlamada da bildirildiyi kimi, Egey dənizindəki mübahisəli coğrafi bölgələrdə dəniz parklarının elan edilməsi beynəlxalq hüquq baxımından keçərli sayılmır. Türkiyə bu mövqeyini bu gün də qoruyur.
“Egey və Aralıq dənizi kimi qapalı və ya yarı qapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək vacibdir. Beynəlxalq dəniz hüququ belə regionlarda sahilyanı ölkələr arasında, o cümlədən ekoloji məsələlər üzrə əməkdaşlığı təşviq edir. Türkiyə Egey dənizində bir sahilyanı dövlət olaraq Yunanıstanla əməkdaşlıq etməyə hər zaman hazırdır.” - deyə bəyanatda qeyd olunub.
Nazirlik həmçinin bildirib ki, ətraf mühitin qorunması kimi universal dəyərlərdən birtərəfli şəkildə istifadə edilməsi, suverenliyi Yunanıstana verilməyən adalar və qayalarla bağlı mübahisəli məsələlərin hüquqi vəziyyətinə təsir göstərməyəcək.
Açıqlamada o da vurğulanıb ki, Türkiyə yaxın günlərdə öz dəniz bölgələrində ətraf mühitin mühafizəsinə dair layihələrini təqdim edəcək. Rəsmi Ankara, 7 dekabr 2023-cü il tarixli Afina Bəyannaməsində əksini tapan dostluq və mehriban qonşuluq ruhuna uyğun olaraq, problemlərin beynəlxalq hüquq və bərabərlik prinsipləri əsasında səmimi və hərtərəfli yanaşma ilə həllinə sadiqdir.