BAKI, AzerVoice
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 17 şübhəlidən 8-i barəsində həbs qərarı verilib.
AzerVoice xəbər verir ki, ittihamlar "rüşvət vermək", "rüşvət almaq" və "tenderə müdaxilə etmək" kimi maddələri əhatə edir. Şübhəlilərin məhkəmədəki ifadə və prosessual əməliyyatları yekunlaşıb.
8 nəfər - Ali Cüneyt Özdemir, Can Karataş, Cengiz Tosun, Deniz Erzincan, Erdinç Karataş, Mehmet Karataş, Murat Timuçin Altıer və Taylan Çokyiğit barədə həbs qərarı verilib. Onlar tenderlərin rüşvət müqabilində qeyri-qanuni şəkildə bəzi şirkətlərə verilməsində iştirak ediblər.
Digər 9 nəfər haqqında isə məhkəmə nəzarət tədbiri tətbiq olunmasına qərar verilib.
İddialara görə, "Boğaziçi Tesis Yönetim Hizmetleri AŞ" şirkətinin rəhbər müşaviri olan Deniz Erzincan və onunla əlaqəli şəxslər, müəyyən şirkətlərə tenderlərdə üstünlük qazandırmaq üçün rüşvət alıblar. Rüşvətlərin müəyyən hissəsi öz aralarında bölünüb, qalanı isə vasitəçilər tərəfindən çatdırılıb. Bu əməliyyatların pul izləri banka köçürmələrlə müəyyən edilib.
Məhkəməyə təqdim edilən sənədlərdə, rüşvətlərin bank hesablarında “komissiya” mənasını verən “K” və “şəxsi pay” mənasını bildirən “S” kimi kodlarla göndərildiyi göstərilib. Bundan əlavə, "WhatsApp" yazışmaları da sübut kimi təqdim olunub.
İddialara əsasən, bu şəbəkə İBB-nin "Kirazlı-Halkalı Universiteti Metrosu" layihəsi ilə bağlı tenderə də müdaxilə edib. Konsorsiumda iştirak edən firmalardan birinin Sosial Sığorta borcu olduğu halda, tenderə qəbul edilməsi qanunsuz sayılıb. Eyni zamanda, bu tenderlə bağlı da rüşvət razılaşmalarının olduğu qeyd edilib.
İstintaq materiallarında, bu şəxslərin İBB-nin vəzifəli şəxsləri Fatih Keleş, Ertan Yıldız və iş adamı Adem Soytekin ilə əlaqələri və “cinayət təşkilatına üzvlük” ittihamı altında olduqları qeyd edilib.
Qeyd edək ki, bu istintaq çərçivəsində daha əvvəl İstanbul Böyükşəhər Bələdiyyə Sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da “cinayətkar təşkilat rəhbərliyi”, “rüşvət”, “dələduzluq” və digər maddələrlə istintaqa cəlb olunmuşdu. Yeni sübutlarla 18 nəfər şübhəli daha müəyyən edilmişdi.