BAKI, AzerVoice
Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Suriyadakı hücumlarını qınayan qətnamə qəbul edib.
AzerVoice xəbər verir ki, TBMM İsrailin Suriyaya qarşı son hərbi hücumlarını qınayan qətnaməsi “Resmi Gazete”də dərc olunaraq rəsmi qüvvəyə minib.
Qətnamədə İsrailin beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə məhəl qoymadan həyata keçirdiyi hərbi əməliyyatların regionda sülh və sabitliyi təhdid etdiyi vurğulanıb. TBMM-nin sənədində, xüsusilə Suriyanın paytaxtı Dəməşqə edilən hücumların, İsrailin münaqişə strategiyasının davamı olduğu qeyd edilib.
“Suriyanın ərazi bütövlüyünün pozulması, Qəzzada və işğal olunmuş Fələstin torpaqlarında davam edən hərbi əməliyyatlarla yanaşı, Livan və İrana qarşı hücumlar İsrailin genişlənən hərbi strategiyasının bir hissəsidir,” – qətnamədə bildirilir.
Qətnamədə beynəlxalq ictimaiyyətin passiv mövqeyinin bu
hücumların intensivliyinə yol açdığı da qeyd olunub.
“İsrailin təcavüzkar davranışı beynəlxalq hüququn prinsiplərini və
BMT-nin əsaslarını pozur. Qlobal səviyyədə bu hücumlara təsirli və
qətiyyətli cavab verilmədikcə, sülh və təhlükəsizliyə zərər
artmaqda davam edəcək.” - deyə bildirilib.
TBMM, İsrailin Dəməşqə qarşı həyata keçirdiyi hücumları sərt şəkildə pisləyib və Suriya xalqı ilə həmrəyliyini bir daha ifadə edib. Məclis həmçinin Suriyanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini təsdiqləyib.
“Regionumuzda sabitliyin və sülhün bərqərar olması üçün səylərimizi davam etdirəcəyik. Beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki təcavüzkar siyasətinə qarşı vahid və qətiyyətli mövqe sərgiləməyə çağırırıq,” – sənəddə qeyd olunub.
Qeyd edək ki, bu bəyanat TBMM-nin 16 iyul 2025-ci il tarixində keçirilən 109-cu iclasında səsvermə yolu ilə qəbul olunub və qərar eyni gün “Resmi Gazete”də dərc edilib.