Əsas səhifə » Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb

Suveydada qeyri-qanuni qruplaşmalar bədəviləri hədəf alıb

BAKI, AzerVoice

Suriya hökumət qoşunlarının Suveyda şəhərini tərk etməsindən sonra qeyri-qanuni silahlı qruplaşmalar bölgədə kütləvi qırğınlar törədib.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Məlumata gprə, hücumların əsas hədəfi ərəb bədəvi könüllü döyüşçüləri olub.

Şəhərin şərqində yerləşən Əl-Mikuas rayonunda qadınlar və uşaqlar da daxil olmaqla mülki vətəndaşlar kütləvi şəkildə qətlə yetirilib. Hücumlar nəticəsində ölən və yaralananların dəqiq sayı hələlik bəlli deyil.

Mənbələr bildiriblər ki, sağ qalan bədəvilər yeni hücum təhdidlərindən qorxaraq yaşadıqları yerləri tərk etməkdədirlər.

Digər tərəfdən, Suriyanın “Al Watan” qəzeti yazır ki, Suveydadakı gərginliyin arxasında İsraillə yaxınlaşmanı dəstəkləyən və son günlərdə Dəməşq hakimiyyətinə qarşı itaətsizliyə çağırış edən radikal druz şeyxi Hikmət əl-Hicrinin tərəfdarları dayanır.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice