BAKI, AzerVoice
Türkiyədən Suriyaya səfərlərin sayı 60 faiz artıb
AzerVoice xəbər verir ki, Türkiyədən Suriyaya avtomobil nəqliyyatı ilə həyata keçirilən səfərlərin sayı 2025-ci ilin ilk beş ayında ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 113 minə çatıb.
Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) İdarə Heyətinin sədri Şərafəddin Aras bildirib ki, 27-29 iyun tarixlərində keçirilmiş Qlobal Nəqliyyat Dəhlizləri Forumunda Suriyaya tranzit daşımalarla bağlı anlaşma memorandumu imzalanıb. Forumun açılışı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən reallaşdırılıb.
Aras deyib ki, 2011-ci ildən sonra durğunlaşan tranzit daşımalar yenidən canlanır. Hazırda mallar İraq və Suriya üzərindən Körfəz ölkələrinə daşınmağa başlanıb. Xüsusilə İraq üzərindən həyata keçirilən sınaq daşımalar nəticə verib və TIR karnet sisteminə uyğun şəkildə malların çatdırılması mümkün olub.
2024-cü ilin ilk beş ayında Suriyaya təxminən 70 min səfər edildiyi halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 113 minə yüksəlib. Bu, həm də Suriyadakı logistik şəraitin stabilləşməsinin göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, Türkiyə, Avropada istehsal olunan məhsulları İraq və Suriya üzərindən BƏƏ və Səudiyyə Ərəbistanı kimi Körfəz ölkələrinə çatdırmaqla yanaşı, öz məhsullarını da bu regionlara ixrac etməyi planlaşdırır. Bu isə tranzit daşımaların yaxın illərdə daha da genişlənəcəyinə işarədir.