BAKI, AzerVoice
PKK-nın silah buraxma mərasimindən bir gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin yeni siyasi mərhələyə qədəm qoyduğunu elan edib. “Terrorsuz Türkiyə” adlandırılan bu prosesin hüquqi və siyasi əsaslarının formalaşdırılması üçün TBMM-də yeni bir komissiyanın yaradılacağını bildirən Ərdoğan, bu təşəbbüsün yalnız AK Parti ilə məhdudlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, AK Parti, MHP və DEM Partiyası bu yolda üçlü şəkildə birgə irəliləməyə qərar veriblər.
Ərdoğanın bu açıqlaması, uzun illərdir davam edən terrorla mübarizədə yeni bir səhifənin açıldığını göstərir.
AzerVoice xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Trend BİA-nın baş direktorunun müavini, siyasi şərhçi Rufiz Hafizoğlu ilk olaraq bildirib ki, PKK-nın, istər qismən, istər tam olaraq, istər İraqdakı, istərsə də Suriyada və Türkiyədəki qollarının silahlarını təhvil verməsi olduqca önəmli bir hadisədir:
“Bu, türk tarixinin, türk xalqının böyük zəfəridir və bu vaxta qədər Türkiyə hökumətlərinin səylərinin ağır nəticəsi, xalqın çəkdiyi məşəqqətin bəhrəsidir. Amma burada belə bir məqam var: bildiyimiz kimi, PKK yalnız İraqda deyil, eyni zamanda Suriya ərazisində də mövcuddur. Həmçinin, İran ərazisində PJAK adında fəaliyyət göstərən bir terror qruplaşması var ki, zaman-zaman İran hökuməti onu Türkiyəyə qarşı müxtəlif formalarda istifadə etməyi bacarıb. Bu baxımdan, bəli, dünən İraqın Süleymaniyyə şəhərində PKK-nın silahlarını yerə qoyması önəmli hadisədir. Lakin tam zəfərdən, yəni PKK-nın qəti təslimiyyətindən danışmaq hələ erkəndir. Çünki PKK-nın İran qolu mövcuddur və eyni zamanda Suriyada siyasi görünüş altında fəaliyyət göstərən, əslində isə hərbi mahiyyət daşıyan qollarının gələcəyi hələ naməlumdur. Bu da olduqca önəmli məsələdir. Hələ ictimaiyyətə açıqlanmayan məqamlar var: kimlər təslim olan PKK üzvləridir, kimlər cinayətə cəlb olunacaq, kimlər azadlıqda qalacaq, kimlərə əfv fərmanı tətbiq olunacaq və s. Fikrimcə, bu baxımdan növbəti mərhələ önəmlidir. Burada bir vacib məqam var: Türkiyə hökuməti əslində PKK və AK Parti arasında vasitəçilik missiyasını oynayır. Hökumət bir növ təzyiq göstərərək siyasi sürəcin daha tez başlamasını istəyib. Bu siyasi sürəc isə kimlərinsə əfv fərmanı alması, kimlərinsə azadlığa çıxması, döyüş bölgələrində iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması prosesindən ibarətdir. Amma bu baş verməyib”.
R.Hafizoğlu bildirib ki, əvvəlcə Türkiyə hökuməti tələb edib ki, PKK heç bir şərt olmadan silahlarını yerə qoysun:
“Daha sonra siyasi proses başlayacaq və Türkiyə qanunları çərçivəsində araşdırmalar aparılacaq. Bu prosesdə kimlərin məsuliyyətə cəlb olunacağı, kimlərin hansı statusda olacağı müəyyənləşəcək. Təbii ki, bu zaman alan bir prosesdir. Ümumiyyətlə, PKK-nın tam olaraq məhvi, tamamilə ortadan qaldırılması olduqca zaman və strateji səbir tələb edən bir məsələdir. Digər bir tərəfdən, bütün bu hadisələrin fonunda çox önəmli bir bəyanatı qeyd etmək lazımdır: dünən ABŞ-nin Ankara səfiri bildirdi ki, “Kürd dövləti olmayacaq”. Bu da öz növbəsində Türkiyə hakimiyyətinin və Türk xalqının böyük zəfəri kimi qiymətləndirilə bilər. Amma dəyişməyəcək heç nə yoxdur. Bilirsiniz ki, PKK bir zamanlar Sovetlər İttifaqı tərəfindən qurulub və maliyyələşdirilib, solçu marksist düşüncəyə malik bir terror təşkilatı idi. Lakin siyasi konjonktura uyğun olaraq, guya İŞİD-ə qarşı mübarizə aparmaq bəhanəsi ilə rəsmi sahibini dəyişdi – Sovet İttifaqının varisi olan Rusiyadan ABŞ-yə keçib. Bu təkrarlanmayacaq deyə bir şey yoxdur. Suriya rejiminin – yəni Bəşər Əsəd rejiminin – çöküşündən sonra bir çox ərazi PKK-dan təmizlənib və həmin bölgələrdə, o cümlədən boşaldılmış Rusiya bazalarında, dünyaya məxsus sənədlər, fax cihazları, “demokratik güclərə” aid libaslar və digər materiallar aşkarlanıb. Bu da göstərir ki, bu əlaqələr hər zaman mövcud olub. Suriya “demokratik gücləri” heç vaxt Rusiya ilə əlaqələrini kəsməyiblər və bu güclər həmişə Ankaraya və bölgənin digər xalqlarına qarşı bir vasitə kimi istifadə olunub. Bu baxımdan, PKK-nın silahları yerə qoyması olduqca önəmli bir hadisədir. Amma bundan sonrakı siyasi proses asan olmayacaq. Xüsusən də burada Öcalanın azadlığa və ya şərti azadlığa buraxılması məsələsi gündəmə gələ bilər. Bəli, bu gün onu “siyasi ölü” hesab edənlər var, lakin bu, bir qədər yanlış yanaşmadır. Çünki Abdullah Öcalan – PKK-nın lideri olaraq – təşkilat daxilində bu simvolu qorumağı bacarıb. Hər şeyə rəğmən, o, hələ də PKK-nın ideoloji lideridir. Bunu da qeyd edim: yaxın müddətdə PKK-nın parçalanaraq fərqli bir strukturda yeni bir təşkilatın ortaya çıxmasını da müşahidə edə bilərik. Ümumilikdə, PKK-nın – istər siyasi, istər hərbi, istərsə də iqtisadi cəhətdən – zəifləməsi Türkiyənin milli maraqları baxımından olduqca vacib addımdır. Nəzərə almaq lazımdır ki, hazırda Yaxın Şərqdə yeni siyasi düzən formalaşır və bu yeni kontekstdə PKK əvvəlki gücünü itirib. Bu da olduqca mühüm bir faktordur”.