Əsas səhifə » Traktor qəzalarında ölümlərin qarşısını almaq üçün hazırlanan “Həyat Üçbucağı” layihəsi

Traktor qəzalarında ölümlərin qarşısını almaq üçün hazırlanan “Həyat Üçbucağı” layihəsi

BAKI, AzerVoice

Türkiyədə traktor devrilməsi ilə bağlı baş verən ölüm hallarının qarşısını almaq məqsədilə “Karya Farma HBX Projects” tərəfindən “Həyat Üçbucağı” adlı innovativ təhlükəsizlik layihəsi hazırlanıb.

AzerVoice xəbər verir ki, Aydın Adnan Menderes Universitetinin (ADÜ) Texnokentində fəaliyyət göstərən və 20 ilə yaxın müddətdə kənd təsərrüfatı, endemik bitkilər və heyvandarlıq sahələrində 18 patentlə tanınan “Karya Farma HBX Ar-Ge” qrupu traktor sürücülərinin təhlükəsizliyini təmin etmək üçün yeni texnoloji həll təklif edib.

Şirkətin maşın mühəndisi Cavit Başlık bildirib ki, kənd ərazilərində baş verən traktor devrilməsi qəzalarının əksəriyyəti faciə ilə nəticələnir. Bu problemi həll etmək üçün “Həyat Üçbucağı” adlanan mexaniki və rəqəmsal xüsusiyyətlərə malik sistem hazırlanıb.

“Traktor devrilməyə başladığı an sistem milisaniyələr ərzində aktivləşir və traktorun ətrafında üçbucaq formasında açılan xüsusi hava yastıqları vasitəsilə sürücünün altında qalmasının qarşısını alan təhlükəsiz boşluq yaradır. Bu boşluq, eyni zamanda, sürücüyə nəfəs alma imkanı verən bir sahə rolunu oynayır” – deyə Cavit Başlık qeyd edib.

Sistem, yükü kənarlara yayaraq mərkəzdə sürücünün qoruna biləcəyi bir sahə formalaşdırır. Layihə həm effektiv, həm də sadə struktura malik olmaqla, kənd mühitinin ehtiyaclarına uyğun şəkildə dizayn edilib.

Layihənin proqram təminatı üzrə üzvü, kompüter mühəndisliyi ixtisasının son kurs tələbəsi Burak Başlık isə bildirib ki, sistem devrilmə anında sürətölçən və jiroskop vasitəsilə ani analiz apararaq avtomatik aktivləşir. Eyni zamanda bluetooth ilə sürücünün mobil telefonuna qoşularaq, yer məlumatı ilə birlikdə təcili yardım mesajı göndərir. Əlavə olaraq GSM modulu sayəsində birbaşa SMS vasitəsilə də xəbərdarlıq göndərilməsi mümkündür.

Burak Başlığa görə, bu sistem sadəcə fiziki qoruma təmin etmir, eyni zamanda sürücünü çöldəki dünya ilə əlaqələndirərək, xilas şansını artırır.

Layihə hazırda test mərhələsindədir və yaxın aylarda geniş miqyasda tətbiqi planlaşdırılır.

Digər Kateqoriyalar

2025 © Azervoice