BAKI, AzerVoice
Türkiyə dünya üzrə ən çox turist cəlb edən ölkələr sıralamasında 4-cü yerə yüksəlib.
AzerVoice xəbər verir ki, Birləşmiş
Millətlər Təşkilatının Dünya Turizm Təşkilatı tərəfindən dərc
edilən 2025-ci ilin may ayı Dünya Turizm Barometrinə əsasən,
Türkiyə 2024-cü ildə 56,7 milyon xarici turist qəbul edərək
İtaliyanı geridə qoyub və dünyada 4-cü yerə yüksəlib.
Ölkə ümumilikdə isə 2024-cü ili 62,3 milyon ziyarətçi ilə başa
vurub.
Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bu nəticəni Türkiyənin qlobal turizm sektorundakı artan gücünün təsdiqi kimi qiymətləndirib. Nazir bildirib ki, ölkənin turizm uğurları uzunmüddətli strateji baxışın və davamlı siyasətin nəticəsidir. “Tarixi irsimizi, mədəni zənginliyimizi və təbii gözəlliklərimizi dünyaya tanıtmaq üçün əzmlə çalışırıq. Dörd mövsümə yayılan məhsul müxtəlifliyimiz və güclü infrastrukturumuzla Türkiyə nümunə götürülən turizm ölkəsinə çevrilib”- deyə o qeyd edib.
Qeyd edək ki, BMT-nin hesabatına əsasən, dünya üzrə ən çox turist qəbul edən ilk beş ölkə sırasına Fransa, İspaniya, ABŞ, Türkiyə və İtaliya daxildir.