BAKI, AzerVoice, Səməd Əyyubov
Avropanın “istəklilər koalisiyası” Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb.
AzerVoice-un verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisi tərəfindən, görüşün həmsədrləri adından yayılan bəyanata Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers də qoşulub.
Onlayn formatda keçirilən görüşdə iştirakçılar vurğulayıblar ki, Ukraynada sülh prosesi Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz. Onlar diplomatiyanın, Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin paralel şəkildə aparılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, siyasi həll Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını təmin etməlidir.
Həmçinin oxuyun:
Ukrayna ilə bağlı razılaşma əldə olunmasa, Rusiyanı ciddi nəticələr gözləyir - Tramp
Koalisiyanın bəyanatında vurğulanıb ki, Ukrayna üzrə sülh danışıqları yalnız atəşkəs və ya hərbi əməliyyatların əhəmiyyətli dərəcədə azalması fonunda mümkündür. İştirakçılar bəyan ediblər ki, əgər avqustun 15-də Alyaskada keçiriləcək Rusiya–ABŞ sammitində Moskva atəşkəsə razılıq verməsə, əlavə sanksiyalar və daha sərt iqtisadi tədbirlər tətbiq olunacaq.
Sənəddə həmçinin Ukraynaya möhkəm təhlükəsizlik təminatlarının verilməsi, Ukrayna Silahlı Qüvvələrinin sayına və digər ölkələrlə əməkdaşlığına məhdudiyyət qoyulmaması vurğulanıb. “Rusiyanın Ukraynanın Aİ və NATO-ya inteqrasiyasına veto hüququ ola bilməz,” – deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyulun 17-də Avropa İttifaqı üzv dövlətlərinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini yekdilliklə təsdiqləyiblər. Bu paket “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı əlavə məhdudiyyətləri, eləcə də Rusiya neftinə tətbiq olunacaq yeni qiymət tavanını əhatə edir.