BAKI, AzerVoice
İstanbulda qlobal nəqliyyat siyasətinin yol xəritəsi müəyyən ediləcək.
AzerVoice xəbər verir ki, 27-29 iyun
tarixlərində İstanbulda keçiriləcək “Qlobal Nəqliyyat Dəhlizləri
Forumu” çərçivəsində dünyanın 70 ölkəsindən yüksək səviyyəli
nümayəndələr qlobal nəqliyyat siyasətləri ilə bağlı yol xəritəsini
müzakirə edəcək.
Forumun açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə baş tutacaq.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu forumun məqsədinin yalnız fikir mübadiləsi olmadığını, eyni zamanda “dünya nəqliyyatına istiqamət verəcək platforma yaratmaq” olduğunu bildirib. O, forumun Türkiyənin “Türkiyəsiz dəhliz olmaz” vizyonunun praktiki təzahürü olacağını qeyd edib.
Forum çərçivəsində “Orta Dəhlizi Təşviq Tədbiri” adlı xüsusi görüş də keçiriləcək. Bu tədbirdə Orta Dəhlizə daxil olan ölkələrin nəqliyyat nazirləri və sektor nümayəndələri tranzit prosedurlar, rəqəmsal transformasiya və dəhliz idarəçiliyi kimi əsas məsələləri müzakirə edəcəklər. Forumda Dünya Bankı da daxil olmaqla bir sıra beynəlxalq təşkilat və maliyyə institutlarının nümayəndələrinin iştirakı gözlənilir.
Qeyd edək ki, Türkiyə öz nəqliyyat siyasətini “Kəsintisiz əlaqə, sərhədsiz fürsətlər” prinsipi ilə quraraq regionda yalnız bir tranzit nöqtəsi deyil, istiqamətverici mərkəz rolunu gücləndirməkdədir. Forumda qəbul ediləcək yol xəritəsi bu vizyonun növbəti mərhələsi hesab olunur.