BAKI, AzerVoice
Milli texnologiya təşəbbüsümüz artıq sərhədləri aşır.
AzerVoice xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün sosial media hesabında paylaşdığı açıqlamada milli döyüş təyyarəsi KAAN-ın İndoneziyaya ixracına dair fikirlərini bölüşüb.
Görgün bildirib ki, Türkiyənin yüz ildən artıq davam edən aviasiya təcrübəsi bu gün 5-ci nəsil döyüş təyyarələrinin dost və müttəfiq ölkələrlə paylaşılması mərhələsinə çatıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə milli texnologiya təşəbbüsümüz sərhədləri aşır. Türk mühəndisliyinin imzası bu gün qlobal təhlükəsizlik arxitekturasını istiqamətləndirir”, – deyə Görgün vurğulayıb.
O, həmçinin qeyd edib ki, KAAN-ın İndoneziyaya ixracı istiqamətində atılan ilk rəsmi addım bu ölkədəki strateji əməkdaşlığın başlanğıcıdır. Layihə TUSAŞ və İndoneziyanın əsas müdafiə sənayesi şirkətləri tərəfindən birgə istehsal, texnologiya mübadiləsi və uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
“Mühəndislərimizin ağlı, millətimizin əzmi ilə birləşən bu səylər, bir zamanlar ‘bir gün təyyarəmiz olacaq’ deyən atalarımızın arzusunu gerçəyə çevirib. KAAN, Vecihi Hürkuşdan Nuri Dəmirağa qədər uzanan milli aviasiya yolunun ən qabaqcıl addımlarındandır”, – deyə o bildirib.
Görgün bütün müdafiə sənayesi sektorunun daha güclü və beynəlxalq səviyyədə rəqabətədavamlı fəaliyyətini davam etdirəcəyini əlavə edib.