BAKI, AzerVoice
Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu və Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyi heyəti MÜSİAD Azərbaycan İdarə Heyəti sədri Rəşad Cabirli və üzvləri ilə dərnək mərkəzimizdə bir araya gəlib.
AzerVoice xəbər verir ki, görüş çərçivəsində Rəşad Cabirli İctimai Birliyin fəaliyyəti, həyata keçirilən layihələr və qarşıdakı hədəflər barədə ətraflı məlumat vermiş, Azərbaycan ilə Şimali Kipr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində birlik və həmrəyliyin mühüm rol oynadığını qeyd edib. Sədr, Azərbaycanın yalnız 10 milyonluq daxili bazar olaraq deyil, eyni zamanda Müstəqil Dövlətlər Birliyinə (MDB) açılan strateji körpü kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin potensialının tanıdılması baxımından təqdimat materiallarının əhəmiyyətini önə çəkmiş və bu məqsədlə nəşr olunan "Azerbaycana Gelmek İçin 101 Neden" kitabını qonaqlara hədiyyə edib
Nazir Olgun Amcaoğlu isə “bir millət, üç dövlət” ifadəsi ilə xarakterizə etdiyi Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikaları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə də iqtisadi platformalarda daha da gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu istiqamətdə üçtərəfli əməkdaşlığın inkişafında MÜSİAD Azərbaycan kimi iş adamları təşkilatlarının rolunu yüksək qiymətləndirib.
Görüş zamanı qarşılıqlı investisiya imkanları, xüsusilə turizm, enerji və istehsalat sahələrində potensial əməkdaşlıq layihələri müzakirə olunmuş, gələcəkdə ortaq təşəbbüslərin həyata keçirilməsi istiqamətində ilkin razılaşmalar əldə olunub. İştirakçılar arasında səmimi ünsiyyət, yeni tanışlıqlar və faydalı fikir mübadiləsi üçün geniş imkanlar yaranmış, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Tədbirin sonunda xatirə fotosu çəkilib və qarşılıqlı olaraq hədiyyələr təqdim olunub. Belə görüşlərin mütəmadi şəkildə təşkilinin, iş dünyasının bir araya gəlməsi və strateji tərəfdaşlığın dərinləşməsi baxımından böyük əhəmiyyət daşıdığı bir daha vurğulanıb.







