Əsas səhifə » Türkiyə və İndoneziya arasında müdafiə əməkdaşlığı genişlənir

Türkiyə və İndoneziya arasında müdafiə əməkdaşlığı genişlənir

BAKI, AzerVoice

Türkiyənin müdafiə sənayesi İndoneziyada yeni əməkdaşlıqlarla güclənir.

AzerVoice xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada keçirilən INDO Defence 2025 sərgisində Türkiyənin müdafiə sənayesi şirkətləri bir sıra mühüm əməkdaşlıq müqavilələri imzalayıblar.

Bu əməkdaşlıqlar Türkiyə ilə İndoneziya arasında müdafiə sahəsində tərəfdaşlığın daha da dərinləşdiyini göstərir.

Sərgi çərçivəsində ROKETSAN şirkəti, ATMACA raket sisteminin İndoneziya Müdafiə Nazirliyinin iki dəniz platformasına inteqrasiyasını təmin etmək məqsədilə Sefine Shipyard ilə razılaşma imzalayıb. ROKETSAN-ın baş direktoru Murat İkinci bu əməkdaşlığın İndoneziyanın dəniz müdafiə imkanlarının artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.

Bundan əlavə, ASELSAN ilə Çexiyanın “Excalibur” şirkəti arasında da əməkdaşlıq müqaviləsi imzalanıb. ASELSAN baş direktoru Ahmet Akyol razılaşma ilə bağlı açıqlamasında, bu addımın Avropa bazarlarında birgə həll yollarının təqdim olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib.

Qeyd edək ki, Türkiyənin İndoneziya ilə imzaladığı 10 milyard dollarlıq KAAN döyüş təyyarələrinin ixracı razılaşmasından sonra, INDO Defence 2025 sərgisi iki ölkə arasında müdafiə sahəsində artan strateji əməkdaşlığın daha bir göstəricisi kimi qiymətləndirilir. Rəsmi açıqlamalarda bu tərəfdaşlığın həm iqtisadi, həm də texnoloji baxımdan genişlənəcəyi vurğulanır.

Digər Kateqoriyalar

2025 © Azervoice