BAKI, AzerVoice
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), terror təşkilatı PKK-nın özünü buraxma qərarından sonra sahədəki vəziyyətin bütün dövlət qurumları ilə koordinasiyalı şəkildə yaxından izlənildiyini və hərtərəfli tədbirlərin görüldüyünü açıqlayıb.
AzerVoice xəbər verir ki, son günlərdə təslim olan terrorçuların sayında artım müşahidə olunub.
MSB-nin həftəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandıran mənbələr, bölgədə axtarış və mağara təmizləmə əməliyyatlarının da davam etdiyini bildiriblər.
Nazirlik mənbələri həmçinin Türkiyə ilə Liviya arasında 2019-cu ildə imzalanmış Dəniz Səlahiyyətlərinin Sərhədlərinin Müəyyənləşdirilməsi haqqında anlaşma memorandumuna dair sualları da cavablandırıb. Mənbələr bildiriblər ki, bu razılaşma hər iki ölkənin beynəlxalq hüquqdan irəli gələn hüquqlarını qoruyan sənəddir.
"Razılaşmada dəniz səlahiyyətləri müəyyən olunarkən materiklərarası orta xətt əsas götürülüb və Liviyanın hüquqları maksimalist iddialara qarşı tam şəkildə qorunub. Hafter tərəfinin bu razılaşmanı nəzərdən keçirməsini müsbət qarşılayırıq və prosesi yaxından izləyirik"- deyə nazirlikdən bildirilib.
MSB rəsmiləri Suriya ilə bağlı vəziyyətə də toxunaraq, Türkiyənin əsas məqsədinin bu ölkənin ərazi bütövlüyünün qorunması, təhlükəsizlik potensialının artırılması və terrorla mübarizə sahəsində əməkdaşlığın təmin edilməsi olduğunu vurğulayıblar.