Əsas səhifə » Rusiya-Ukrayna danışıqları konstruktiv keçib - Hakan Fidan

Rusiya-Ukrayna danışıqları konstruktiv keçib - Hakan Fidan

BAKI, AzerVoice

Rusiya və Ukrayna arasında aparılan danışıqların ikinci raundu konstruktiv keçdi və tərəflər ilk görüşdə əldə olunan razılaşmaları möhkəmləndirdilər.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, yaxın günlərdə tərəflərin mübadilə etdikləri memorandumlardan texniki səviyyədə işləməyə başlayacaqlarına ümid etdiyini bildirib.

“Rusiya və Ukrayna arasında danışıqların ikinci raunduna ev sahibliyi etdik. Görüşlər konstruktiv keçdi və tərəflər ilk görüşdə əldə olunan razılaşmaları möhkəmləndirdilər. Humanitar mübadilə genişləndirilərək yeni kateqoriyalar və daha çox insanı əhatə edəcək. Tərəflər atəşkəs və sülhə dair mövqelərini əks etdirən memorandumlar da mübadilə etdilər. Yaxın günlərdə bu mətnlər üzərində texniki səviyyədə işə başlanacaq” - deyə, Fidan qeyd edib.

O əlavə edib ki, növbəti görüş zamanı tərəflər liderlər səviyyəsində mümkün görüş üçün hazırlıqları davam etdirməyə qərar verdilər.

“Liderlərimizin ortaq iradəsi istiqamətində müharibənin yaratdığı itkilərə son qoymaq üçün tərəflərin nümayiş etdirdiyi nəticə yönümlü yanaşma təqdirəlayiqdir” - deyə, Fidan vurğulayıb.

Qeyd edək ki, bugün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri görüş keçiriblər. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Sammit çərçivəsində tərəflər arasında atəşkəs şərtləri, hərbi əsirlərin dəyişdirilməsi və gələcək liderlər görüşü üçün hazırlıqlar müzakirə olunub. Görüşdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov daxil olub. Ukrayna tərəfini isə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitski və kəşfiyyat xidmətlərinin nümayəndələri təmsil edib.

Digər Kateqoriyalar

2025 © Azervoice