BAKI,AzerVoice
İŞİD-in yenidən gündəmə gətirilməsi fonunda SDG-nin silahı yerə
qoyacağı inandırıcı deyil.
AzerVoice xəbər verir ki, bu sözləri
Qaynarİnfo-ya açıqlamasında Trend BİA-nın baş direktor müavini,
“Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi
şərhçi Rufiz Hafizoğlu deyib.
O, Ankarada ABŞ-ın vasitəçiliyilə Türkiyə və PKK-nın Suriya qolu SDG arasında aparılan danışıqları şərh edib.
Ekspert qeyd edir ki, hazırda məhz bu məsələnin həlli Ankara üçün əsas prioritetdir.
"İkinci kürd açılımı məsələsilə bağlı olaraq PKK-nın silahları yerə qoyması, özünü tərksilah etməsindən sonra Ankara qarşısında həll olunması vacib bir neçə prioritet var. Onlardan biri də PKK terror təşkilatının Suriya qolu olan "Suriya Demokratik Gücləri"nin (SDG) özünü tərksilah etməsi və ya Suriya ordusuna inteqrasiya etməsi məsələsidir. Bu məsələnin həlli hazırda Ankara üçün ən əsas prioritet məsələdir"-deyə o bildirib.
Rufiz Hafizoğlu bildirir ki, Türkiyə ilə PKK arasında müəyyən ciddi addımlar atılsa da, türk ordusunun hələ də Suriya ərazisində qalması bu məsələnin köklü olaraq həll olunmadığnı göstərir.
"Dolayısı ilə "Suriya Demokratik Gücləri" doğrudan da bölgədə stabilliyin olmasını istəyirsə, silahları təhvil verərək, Suriya milli ordusuna inteqrasiya etməlidirlər. Amma görünən odur ki, SDG bunu etmək istəyində deyil. Çünki SDG heç bir halda kürd xalqının marağına xidmət etmir. Burada başqa dövlətlərin maraqları var"- deyə o vurğulayıb.
Baş verənlər fonunda Suriyada İŞİD terror təşkilatının yenidən gündəmə gətirilməsini görürük ki, bu da həmsöhbətimizin fikrincə, SDG-nin mövqeyini daha da gücləndirməyə xidmət edir.
"Qərb hesab edir ki, SDG İŞİD terror təşkilatına qarşı mübarizə
aparan yeganə qüvvədir. Ona görə də İŞİD-in yenidən dirçəldilməsi
əslində PKK-nın Suriya qolu SDG-nin mövqeyini gücləndirmək üçün
atılan addımdır. Bu baxımdan yaxın zamanlarda SDG-nin silahı yerə
qoyacağı inandırıcı deyil"- deyə Hafizoğlu qeyd edib.
Aparılan danışıqlara SDG-nin aparıcı liderlərindən biri olan Saleh
Müslimin qatılmasına gəldikdə, ekspert qeyd edir ki, Türkiyə güclü
siyasət nümayiş etdirə bilsə, PKK-nı parçaladığı kimi, zamanında
SDG-ni də parçalaya bilər.
Qeyd edək ki, "Suriye Haberleri” adlı sosial media
platformasında yayılan məlumata əsasən, Ankara şəhərində ABŞ-ın
vasitəçiliyi ilə Türkiyə hökuməti ilə SDG arasında danışıqlar olub.
Məlumata görə, bu məxfi müzakirələrdə PYD-nin siyasi qanadının
tanınmış simalarından biri, Suriya kürdlərinin fəal lideri Salih
Müslim də iştirak edib. Danışıqların məzmunu barədə ictimaiyyətə
rəsmi açıqlama verilməyib. Lakin ekspertlər bildirir ki, bu cür
təmaslar ABŞ-ın bölgədəki strateji maraqlarına uyğun olaraq Türkiyə
ilə SDG arasında müəyyən razılaşmalar əldə olunması məqsədini
daşıyır. Xüsusilə Suriyanın şimalında vəziyyətin
stabilləşdirilməsi, sərhəd təhlükəsizliyi və PKK bağlantılı
qüvvələrin gələcək statusu kimi məsələlərin danışıqların gündəmində
olduğu ehtimal edilir.
Xatırladaq ki, Türkiyə SDG-ni PKK-nın qolu olaraq tanıyır və bu
təşkilatı terrorçu elan edib. Buna baxmayaraq, ABŞ uzun illərdir
SDG-ni İŞİD-lə mübarizədə əsas müttəfiqlərindən biri kimi
dəstəkləyir.