BAKI, AzerVoice
Xamenei ABŞ-ın uran zənginləşdirilməsini dayandırmaq təklifini rədd edib.
AzerVoice xəbər verir ki, İranın ali
lideri Ayətullah Əli Xamenei ABŞ-ın Tehranın uran zənginləşdirmə
fəaliyyətlərini tam şəkildə dayandırması ilə bağlı təklifini rədd
edib.
O, bu təklifi ölkənin “milli müstəqilliyinə təhdid” kimi
dəyərləndirib.
O bildirib ki, ABŞ-ın təqdim etdiyi plan İranın texnoloji müstəqilliyini əlindən almağa yönəlib.“Milli müstəqillik o deməkdir ki, bir ölkə ABŞ-dan yaşıl və ya qırmızı işıq gözləməməlidir.”- deyə o bildirib.
Lider, həmçinin İranın artıq nüvə yanacaq dövriyyəsini tamamlaya bildiyini vurğulayaraq, bu sahənin təkcə enerji deyil, eyni zamanda elm və sənaye baxımından strateji əhəmiyyətə malik olduğunu deyib. “Uran zənginləşdirilməsi nüvə texnologiyasının əsasını təşkil edir və amerikalılar məhz bu sahənin dayandırılmasını istəyir,” – deyə Xamenei əlavə edib.
Qeyd edək ki, Xamenei çıxışında həmçinin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları “soyqırım” adlandırıb və İslam ölkələrini bu məsələdə susmamağa çağırıb. O, ABŞ-ın İsrailə verdiyi dəstəyi tənqid edərək, Qəzzada baş verən cinayətlərdə Vaşinqtonun da məsuliyyət daşıdığını bildirib və ABŞ qüvvələrinin regiondan çıxarılmasının vacibliyini vurğulayıb.