BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şəraa ilə Dolmabağça İş Ofisində görüş keçirib.
AzerVoice xəbər verir ki, Suriya lideri Prezident Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün iştirak edib.
Suriya tərəfdən isə xarici işlər naziri Əsəd Həsən Şeybani və digər rəsmi şəxslər görüşdə yer alıblar.
Prezidentlər arasında keçirilən görüş mətbuata qapalı şəraitdə baş tutub.
Görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətləri, o cümlədən regional və qlobal proseslər müzakirə olunub.
Türkiyə Prezidenti görüş zamanı İsrailin Suriya ərazilərindəki təcavüzkar siyasətinin qəbuledilməz olduğunu, Türkiyənin bu mövqeyə qarşı çıxmağa davam edəcəyini vurğulayıb.
Həmçinin qeyd olunub ki, Türkiyə ilə Suriya arasında enerji, müdafiə və nəqliyyat başda olmaqla bir çox sahədə əməkdaşlıq və əlaqələrin inkişafı davam edəcək.
Əhməd əş-Şəraa isə, sanksiyaların ləğvində göstərdiyi dəstək və səylərinə görə Ərdoğana təşəkkür edib.

